25 Noyabr 2017

“Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında veloyürüş keçirilib

Bakıda BMT-nin Bakı ofisi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında veloyürüş keçirilib. Azneft meydanından start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Yürüşə qatılan 100-dən artıq velosipedçi 12 kilometr məsafə qət edib.

Veloyürüşdə BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai, Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusların nümayəndələri, veloidmanı həvəskarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yürüş başa çatdıqdan sonra çıxış edən Qulam İshaqzai yürüş iştirakçılarına gender əsaslı zorakılıq barədə məlumat verib. O bildirib ki, veloyürüş “Gender zorakılığına qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində keçirilir. Bu beynəlxalq kampaniya 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündən başlayaraq 10 dekabr - İnsan Hüquqları Gününədək davam edəcək. Kampaniyanın məqsədi gender zorakılığına qarşı milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır. Qulam İshaqzai tədbirin təşkilində göstərdiyi dəstəyə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Velosiped İdmanı Federasiyasına və Heydər Əliyev Mərkəzinə minnətdarlıq edib.

Xatırladaq ki, bu kampaniya Azərbaycanda 2008-ci ildən etibarən keçirilir. ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə (USAID) Birləşmiş Ştatlar, BMT-nin Əhali Fondu, İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatı, Heydər Əliyev Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası builki kampaniyanın əsas tərəfdaşları və dəstəkçiləridir.

Tədbirin sonunda yürüş iştirakçıları Heydər Əliyev Mərkəzinin önündə xatirə şəkli çəkdiriblər.