5 Mart 2018
473

5 mart - Bədən Tərbiyəsi və İdman günüdür

Hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Əlamətdar gün münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş keçirilib.

Şəhidlər Xiyabanından start götürən veloyürüşə ümumilikdə 50-dən çox iştirakçı, o cümlədən federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin üzvləri və həvəskar velosipedçilər qatılıblar. Veloyürüş Fəvvarələr meydanında başa çatıb.

Startdan əvvəl veloyürüş iştirakçılarını salamlayan Gənclər və İdman naziri Azad Rəhimov Bədən Tərbiyəsi və İdman Günü mübasibətilə onları təbrik edib. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyən nazir bildirib ki, respublikamızda idmana dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir.

Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası mütəmadi olaraq müxtəlif dövlət və ictimai qurumlarla birlikdə dövlət əhəmiyyətli və əlamətdar günlərdə veloyürüşlər təşkil edir. Federasiya Dövlət Bayrağı Günü, Azərbaycan Gəncləri Günü, peşə bayramları günü, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə silsilə yürüşlər reallaşdırıb.

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakıda, Fəvvarələr meydanında tədbir də təşkil olunub. Tədbirdə 40-dan artıq idman federasiyası, idman təşkilatları və qurumları öz stendlərini nümayiş etdiriblər.

Gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK baş katibinin müavini Azər Əliyev, idmançılar və idman ictimaiyyətinin nümayəndələri stendlərlə tanış olub, federasiya və idman qurumlarının nailiyyətləri və fəaliyyətlərinin əsas istiqamətləri, gələcək planları haqda məlumatları dinləyiblər.