30 Sentyabr 2018
198

Şosse velosipedi üzrə dünya çempionatı başa çatdı

Sentyabrın 23-dən 30-dək Avstriyanın Tirol vilayətinin İnnsbruk şəhərində velosiped idmanının şosse növü üzrə sayca 91-ci dünya çempionatı keçirilib. Planetin 100-ə yaxın ölkəsinin 1000-dən artıq idmançısının iştirak etdiyi yarış Avstriyanın coğrafi baxımdan dağlıq ölkə olduğunu nəzərə almaqla ən çətin marşruta malik dünya çempionatlarından biri kimi yadda qalıb.

8 gün davam edən yarış zamanı 12 dəst medal öz sahibini tapıb. Mübarizə komandalararası zamana qarşı ötüşmə yarışı ilə başlayıb - kişilər arasında Belçikanın “Quick-Step Floors”, qadınlar arasında isə Almaniyanın “Canyon–SRAM” kollektivi planetin ən güclüsü olub. Yeri gəlmişkən, adından da göründüyü kimi, bu növdə mübarizə milli yox, heyəti müxtəlif ölkə təmsilçilərindən ibarət klub komandaları arasında getsə də, ümumi təsnifatda medallar komandaların məxsus olduğu ölkənin adına yazılıb. Daha bir məqam bu növ üzrə yarışların sonuncu olmasıdır və növbəti ildən klublararası ötüşmə dünya çempionatının proqramına salınmayacaq.

Fərdi yarışlara gəlincə, hər şeydən əvvəl qrup ötüşməsində Elit kateqoriyada mübarizə aparan kişi velosipedçilər arasında yeni dünya çempionunun müəyyənləşməsini qeyd etmək lazımdır. Belə ki, 2015, 2016 və 2017-ci illərdə planetin ən güclüsü olmaqla ardıcıl çempionluq sayına görə mütləq rekord müəyyənləşdirən slovakiyalı Peter Saqan çempion köynəyini ispaniyalı Alexandro Valverdeyə təhvil verib – artıq veteran sayıla biləcək 38 yaşlı ispan velosipedçi bunadək dünya çempionatlarının qrup ötüşməsində 2 dəfə gümüş, 4 dəfə isə bürünc əldə etmişdi. Elit qadın velosipedçilərin anoloji yarışı isə hollandiyalı Olimpiya çempionu Anna van der Breggenin qələbəsilə yekunlaşıb.

Elit kateqoriyada kişilər arasında fərdi ötüşmə yarışında avstraliyalı Roan Dennis fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Qadınların mübarizəsində isə Hollandiya idmançısı Annemik Van Fleyten ardıcıl 2-ci il dünyanın ən güclüsü olub.

U-23 kateqoriyasında oğlanlar arasında qrup ötüşməsində isveçrəli Mark Hirşi, fərdi ötüşmədə danimarkalı Mikkel Byerq bütün rəqiblərini qabaqlayıb. Yeri gəlmişkən, Byerq 2017-ci ildə Norveçdə keçirilən dünya çempionatında da bu növdə çempion olmuşdu.

Gənc velosipedçilərin mübarizəsinə gəlincə, oğlanlar arasında Belçika təmsilçisi Remko Evenepul qızıl dublla yadda qalıb – o həm fərdi, həm də qrup ötüşməsində hamıdan güclü olub. Yeri gəlmişkən, Evenepul bu ilin iyulunda keçirilən Avropa çempionatında da hər iki növdə çempion olmuşdu.

Və nəhayət, gənc qızlar arasında Avstriya velosipedçisi Laura Ştinqer qrup, Hollandiya nümayəndəsi Rozmarin Ammerlaan isə fərdi ötüşmədə dünya çempionatının qızıl medalını qazanıb. Bundan başqa, Hollandiya 3 qızıl, 3 gümüş və 2 bürünc medalla mundialın ən yaxşı komandasını kimi xüsusi mükafata layiq görülüb.

Dünya çempionatında Azərbaycan gənc oğlanlar arasında Şahin Eyvazov, Qadir Mustafayev və Nəcəf Bağırov, U-23 kateqoriyasında isə Kərim Şirəliyev və Musa Mikayılzadə ilə təmsil olunub. Dünyanın ən güclülərinin iştirak etdiyi bu yarış təcrübə toplamaq baxımından gənc velosipedçilərimiz üçün xüsusi əhəmiyyət daşıyırdı.

2019-cu ildə şosse velosipedi üzrə dünya çempionatı Böyük Britaniyanın Yorkşir əyalətində təşkil olunacaq.