1 Noyabr 2018
54

Sahib Ələkbərov: İnanırıq ki, “Tokio 2020”yə yollanacaq Olimpiya yığmamızın tərkibində Azərbaycan velosipedçiləri də olacaq

Ekoloji cəhətdən ən təmiz nəqliyyat növü olan velosipedə ölkəmizdə həm idman növü, həm də nəqliyyat vasitəsi kimi maraq son illər xeyli artıb. Azərbaycanda idmanın bu növünün təbliği istiqamətində son illər mühüm tədbir, yarış və layihələr həyata keçirilir. Bu istiqamətdə ən mühüm tədbir bu ilin iyununda Bakıda BMX velosipedi üzrə dünya çempionatının keçirilməsi oldu.

Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov ölkəmizdə velosiped idmanının inkişafı sahəsində görülən işlər, yüksək səviyyədə təşkil olunan nüfuzlu yarışlar, yeniyetmə və gənclər arasında bu idman növünün geniş təbliği istiqamətində həyata keçirilən tədbirlərlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Sahib müəllim, Azərbaycanda velosiped idmanının inkişafı, bu sahəyə marağın artırılması istiqamətində hansı işlər görülür?

- Velosiped idmanının inkişafı, onun kütləviləşməsi insanların sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, təkcə idman növü kimi deyil, həm də nəqliyyat vasitəsi olaraq önəm kəsb edən velosipeddən istifadə edənlərin sayının artması böyük şəhərlərdə tıxac probleminin həlli və ekoloji durumun yaxşılaşdırılması baxımından çox vacibdir. Hesab edirəm ki, həm federasiyamız, həm də bir sıra digər qurumlar tərəfindən təşkil edilən maarifləndirici tədbirlər və layihələr təkcə yeniyetmə və gənclərdə deyil, eyni zamanda, daha yuxarı yaş qrupuna aid olan insanlar arasında da velosipedə marağı getdikcə artırır. Cəmi 5-6 il bundan əvvəl şəhər və rayonlarımızın küçələrində azyaşlı uşaqlar istisna olunmaqla, velosipedçilər demək olar ki, gözə dəymirdi. Son bir neçə il ərzində bu sahədə kifayət qədər çoxsaylı tədbirlərin, veloyürüşlərin keçirilməsi nəticəsində insanların velosipedə marağının artmasını görmək olduqca xoşdur. Bir neçə gün bundan əvvəl 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Respublika Velotrekində həvəskarlar arasında keçirdiyimiz açıq Azərbaycan çempionatında 300 nəfərdən artıq velosipedçinin iştirakı bunu bir daha sübut edir.

- Velosiped idmanı üzrə yerli və beynəlxalq yarışların təşkili artıq ənənə halını alıb. Veloyürüşlərin idmanın bu növünün inkişafında rolunu necə qiymətləndirirsiniz?

- Xüsusi vurğulanmalı məqamdır ki, şosse velosiped idmanı hər bir ölkənin təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Çünki bu idman növü üzrə yarışlar hansısa qapalı məkanda deyil, açıq havada, təbiətin qoynunda, yollarda, küçə və parklarda təşkil olunur. “Tour d’Azerbaidjan” kimi beynəlxalq səviyyəli veloturların təşkili dünyanın Azərbaycanı daha yaxından tanımasına imkan yaradır. Planetin müxtəlif ölkələrindən gələn insanlar respublikanın iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri, təbiəti ilə tanış olur və bu baxımdan ölkəmizdə keçirilən velosiped yarışları Azərbaycanın xaricdə tanıdılması baxımından yaxşı perspektivlər vəd edir. Azərbaycan Velosiped İdmanı Federasiyası olaraq, biz ölkəmizdə bu sahənin inkişafından, velosipeddən bir nəqliyyat vasitəsi kimi istifadə edənlərin sayının son bir neçə il ərzində on dəfələrlə artmasından, bu məsələlərdə bizim də müəyyən əməyimizin olmasından məmnunluq hiss keçiririk və velosiped sürməyi insanların həyat tərzinə çevirmək istəyirik. Təbiidir ki, velosiped sürənlərin sayı nə qədər çox olarsa, idman bölmələrinə üz tutanların sayı da artacaq. Məşqçilərimizin yeniyetmə və gənclər arasında seçim imkanının daha çox olması idman nəticələrimizin yüksəlməsinə də birbaşa təsir edəcək.

- Azərbaycan velosiped idmanının BMX növü üzrə dünya çempionatına ev sahibliyi etdi. Bu nüfuzlu yarışın ölkəmizdə təşkili ilə bağlı nə deyə bilərsiniz?

- Bu ilin iyununda Azərbaycan velosiped idmanının BMX növü üzrə (Olimpiya idman növü) dünya çempionatına ev sahibliyi etdi. İlin əvvəlində çempionatın keçirilməsi ilə bağlı bəzi çətinliklər ortaya çıxsa da, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığından sonra bütün çətinliklər aradan qaldırıldı və bu yarış da həmişə olduğu kimi ən yüksək səviyyədə baş tutdu. Dünyanın müxtəlif ölkələrindən 1500-dən artıq idmançının iştirak etdiyi dünya çempionatının təşkilatçılıq səviyyəsi Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən olduqca yüksək qiymətləndirildi, Azərbaycan öz təşkilatçılıq bacarığını bir daha bütün dünyaya nümayiş etdirdi. Yarış 50-dən çox ölkədə canlı yayımlandı. Turniri izləmək üçün ölkəmizə gələn UCI prezidenti David Lappartien Prezident İlham Əliyevlə görüşündə Azərbaycanda bütün beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini, BMX üzrə dünya çempionatının da ən yüksək standartlar səviyyəsində təşkil edildiyini söylədi. Beynəlxalq Velosipedçilər İttifaqının sentyabrın 28-də keçirilən konqresində həm hesabat məruzəsində, həm də UCI prezidentinin çıxışında Bakıda keçirilmiş dünya çempionatı haqqında çox yüksək fikirlər səsləndirildi. Dünyanın 194 ölkəsindən nümayəndələrin iştirak etdikləri konqresdə ölkəmizdə velosiped idmanının inkişafına yüksək qiymət verilməsi təbii ki, olduqca xoşdur. Onu da qeyd etmək lazımdır ki, BMX üzrə bu nüfuzlu yarış Azərbaycan tarixində ölkəmizdə keçirilmiş sayca dördüncü dünya çempionatı olub.

- Olimpiya növü olan BMX-nin ölkəmizdə inkişafı və maddi-texniki bazasının yaradılması sahəsində hansı işlər görülüb?

- Son illər ərzində kifayət qədər populyarlıq qazanan və Azərbaycanın idman sahəsində vizit kartına çevrilən, hər il nüfuzlu “Eurosport” telekanalı ilə canlı və ya icmal şəklində yayımlanan “Tour d’Azerbaidjan” veloturu şosse velosipedini ölkəmizdə necə sevdiribsə, BMX növü üzrə dünya çempionatından sonra da eyni marağı hiss edirik. Avropanın açıq səma altında ən böyük və ən gözəl idman qurğularından biri olan BMX Veloparkında artıq bu idman növü ilə məşğul olan yeniyetmə və gənclərimizin sayı gündən-günə artır. Məlumat üçün bildirmək istərdim ki, bu idman qurğusu olduqca gözəl ərazidə yerləşir – bir tərəfi dəniz, digər tərəfi isə dağlıq və 40 hektara yaxın sahəni əhatə edən meşəlik. Bu meşə zolağı 1970-ci illərin əvvəllərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və şəxsən iştirakı ilə salınıb və Ulu Öndərimizin şəxsən əkdiyi ağaclar bu gün də Velopark ərazisində qalır. Təəssüf ki, ötən əsrin 90-cı illərində bu ərazi ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş və orada qanunsuz tikintilər aparılmışdı. Yalnız 2005-ci ildə dövlətimizin başçısı İlham Əliyevin göstərişindən sonra bu qanunsuzluqlara son qoyuldu.

2013-cü ildə ərazi idman bazası kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim edildikdən sonra burada geniş abadlıq və quruculuq işləri aparıldı, yüz mindən çox ağac və kol əkildi, velosipedçilər üçün 5 velosiped marşrutu yaradıldı. 2015-ci il ilk Avropa Oyunları ərəfəsində isə burada dünya standartlarına cavab verən yeni BMX stadionu inşa edildi. Bu ərazi həm idman, həm də insanların dincələ biləcəyi avtomobilsiz istirahət ərazisinə çevrilib. Hər bir şəxs istədiyi zaman buraya gəlib təmiz hava ala, istirahət edə və idmanla məşğul ola bilər. Onu da qeyd etmək yerinə düşər ki, şəhərin mərkəzində - metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı Respublika Velotrekində də bu idman növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb.

- 2018-ci ilin son aylarını yaşayırıq. Velosipedçilərimizin beynəlxalq yarışlarda çıxışlarını qənaətbəxş saymaq olarmı?

- Bu il Azərbaycanın şosse velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarının üzvləri dünya və Avropa çempionatları ilə yanaşı, bir sıra beynəlxalq turnirlərdə də iştirak ediblər. May ayında Türkiyənin Ordu şəhərində təşkil olunmuş Açıq çempionatda yeniyetmə qızların kriterium yarışlarında idmançımız Viktoriya Sidorenko fərqlənərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Heyəti Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli Qurbanov və Mahmud Məmmədovdan ibarət olan gənclər yığmamız isə qrup və kriterium ötüşmələrinin yekununda komanda hesabında bürünc medala layiq görülüb.

İyulda qardaş Türkiyənin Kastamonu şəhərində keçirilmiş beynəlxalq turnir də idmançılarımızın uğurlu çıxışı ilə yadda qalıb. Yarışın gənclər kateqoriyasında fəxri kürsünün hər üç pilləsində Azərbaycan velosipedçiləri qərarlaşıb. Yüz kilometrlik marşrutu Mahmud Məmmədov hamıdan tez qət edərək finiş xəttini birinci keçib. Yığmamızın digər üzvləri İvan Orlov və Xankişi İsgəndərov isə müvafiq olaraq, 2-3-cü yerləri tutublar. Əli Qurbanov 5-ci nəticə göstərib. Yığmamız komanda hesabında da qalib olub.

Heyətində Elit və U23 yığma komandalarımızın üzvlərinin yer aldığı “Synergy Baku Cycling Project” kontinental komandasının üzvləri də il ərzində beynəlxalq turnirlərdə uğurla çıxış ediblər. Kiril Pozdnyakov Türkiyədə birgünlük Alanya Qran-Prisinin, Mersin Turunun 1-ci mərhələsinin, Rusiyada “Moskvanın 5 halqası” yarışının 4-cü mərhələsinin, Belçikada birgünlük “Dentergem” yarışının qalibi olub. Digər nüfuzlu yarışlarda Samir Cəbrayılov, eləcə də Kiril Pozdnyakov mükafata layiq yerlər tutublar. Velosipedçilərimizin əldə etdikləri uğurlar ildən-ilə artır.

- Gələn il “Tokio-2020”yə lisenziya yarışları baxımından olimpiya idman növləri üçün ciddi sınaq ili olacaq. Velosiped yığmamızın bu sahədə perspektivləri varmı?

- Yığma komandamız yaxşı formadadır. Velosipedçilərimiz çoxlu yarışlarda iştirak edib, zəngin təcrübə toplayıblar. Gələn il üçün əsas prioritet istiqamətlərdən biri də “Tokio 2020”yə lisenziya xallarının toplanması olacaq. Belə ki, artıq həm şosse, həm də trek velosipedində dördilliyin zirvə yarışına lisenziya xalları verən yarışlar silsiləsi start götürüb və proses gələn ilin sonunadək davam edəcək. İnanırıq ki, təmsilçilərimiz bu vəzifənin öhdəsindən gələcəklər və “Tokio-2020” Yay Olimpiya Oyunlarına yollanacaq genişheyətli Olimpiya yığmamızın tərkibində Azərbaycan velosipedçiləri də olacaq.