26 Dekabr 2018
203

AzVİF “Ən yaxşı yarış təşkilatçısı” kimi təltif edilib

Azərbaycan Velosiped İdmanı Federasiyası bu ilin iyununda Bakıda keçirilən BMX velosipedi üzrə dünya çempionatının yüksək təşkilatçılığına görə təltif edilib. Gənclər və İdman nazirliyinin ilin ən yaxşılarının adlarını açıqladığı tədbirdə federasiyamız "İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə" xüsusi mükafata layiq görülüb.

Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Azərbaycanın bu il də müxtəlif beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini və idmançılarımızın nüfuzlu yarışlarda uğurla çıxış etdiklərini deyiblər.

Daha sonra müxtəlif nominasiyalar üzrə ilin qalibləri təltif olunub. AzVİF-in baş katibi Fərhad Əliyevə mükafatı Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev təqdim edib. Qeyd edək ki, BMX üzrə dünya çempionatında planetin 50-yə yaxın ölkəsinin 1500-dən artıq idmançısı iştirak edib.

Tədbirdə iştirak edən AzVİF-in 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov ilin ən yaxşı federasiyası elan edilən Azərbaycan Güləş Federasiyasına fəxri mükafatı təqdim edib.