20 Fevral 2019
316

Mühərriksiz nəqliyyat vasitələrindən istifadəyə dəstək

Dünya Bankı Azərbaycanda mühərriksiz nəqliyyat vasitələrindən istifadənin atrmasında maraqlıdır və bu istiqamətdə xüsusi təkliflər paketi hazırlayır. Bununla əlaqədar mərkəzi ofisi Danimarkada yerləşən ekoloji sahə üzrə ixtisaslaşmış konsaltinq qrupu "COWI“ şirkətinin nümayəndələri mövcud durumu öyrənmək üçün ölkəmizdədirlər.

Şirkətin baş mütəxəssisi Henrik Qrill keçirdiyi görüşlər çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyasında olub. Qonağa son illər ərzində velosipeddən istifadə hallarının xeyli artması barədə məlumat verən AzVİF-in baş katibi Fərhad Əliyev federasiya tərəfindən həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin böyük fayda verdiyini deyib. Baş katibin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr, 2018-ci il tarixli Sərəncamına əsasən, “YOL HƏRƏKƏTİNİN TƏHLÜKƏSİZLİYİNƏ DAİR” 2019–2023-cü illər üçün “DÖVLƏT PROQRAMI”na “Velosiped zolaqlarının və duracaqlarının yaradılması” haqda bəndin salınması dövlətin bu sahənin inkişafında maraqlı olduğunun daha bir göstəricisidir. Üstəlik, Azərbaycanın öz milli velosiped brendinin olması da ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsindən istifadənin artmasnı şərtləndirən amillərdəndir.

"COWI“ şirkətinin baş mütəxəssisi Henrik Qrill federasiyanın həyata keçirdiyi təbliğat işlərini yüksək qiymətləndirərək Azərbaycanda olacağı müddət ərzində bir sıra dövlət qurumları ilə görüşlər həyata keçirdiyini və müzakirələrin qarşıdakı günlərdə də davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, əsas məqsəd ölkəmizdə mühərriksiz nəqliyyat vasitələrinin istifadəsini genişləndirməkdir və bununla bağlı xüsusi təkliflər hazırlanıb Azərbaycan hökumətinə təqdim ediləcək.