19 Mart 2019
206

Federasiya Kubokunun 2-ci mərhələsi keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2019-cu il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən qrup ötüşməsi üzrə Federasiya Kubokunun 2-ci mərhələsi keçirilib. Veloparkda təşkil edilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib.

15 yaşadək qızların 9,6 km məsafəyə mübarizəsi 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü İradə Əbdürəhmanovanın qələbəsilə başa çatıb. Bu məktəbin digər nümayəndəsi Əli Xabayev isə 15 yaşadək oğlanların 9,6 km məsafəyə yarışında çempion olub.

17 yaşadək qızlar arasında da 7 saylı Olimpiya Velosiped Məktəbinin təmsilçisi 1-ci olub – Viktoriya Sidorenko 14 km məsafəni hamıdan tez qət edib. 22,4 km məsafəyə yarışan 17 yaşadək oğlanlar arasında “Neftçi” İdman Klubu ictimai Birliyinin yetirməsi Nofəl Nuriyev 1-ci, Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Nikita Sıtov 2-ci olub. 3-cü yerin sahibini isə fotofinişlə də müəyyənləşdirmək mümkün olmayıb – belə ki, 7 saylı Olimpiya Velosiped Məktəbi və Respublika Olimpiya Velosiped Məktəbinin üzvləri Mustafa Muxtarlı və Kamran Mirzəxanov finiş xəttini eyni anda keçdikləri üçün Hakimlər Kollegiyasının qərarına əsasən, hər iki velosipedçi 3-cü yerə layiq görülüb.

Gənc qızların 22,4 km məsafəyə yarışı Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Elfanə Camalovanın qələbəsilə yekunlaşıb. Onun komanda yoldaşı Nəcəf Bağırov isə gənc oğlanlar arasında 28 km məsafəni hamdan tez qət edib. Fərqlənən idmançılar diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.