8 Aprel 2019
165

“Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilib

7 aprel - Umumdünya Sağlamlıq Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Dünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası, Dövlət Təhlükəsizliyi Xidməti Velosiped Klubunun və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Veloparkda “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilib.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov da iştirak edib.

Tədbir iştirakçılarını salamlayan Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev ətraf mühitin sağlamlaşdırılması, insanlara sağlam həyat tərzinin aşılanması məqsədilə təşkil olunan aksiyanın bütün iştirakçılarına ETSN-nin adından minnətdarlığını bildirib. Sonra yürüşə start verilib.

Veloyürüşdə həmçinin Dövlət Gömrük Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Nəqliyyat Agentliyi, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri də iştirak edib. Yürüş iştirakçılarının mükafatlandırma mərasimində çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri xanım Hande Harmancı bu cür tədbirlərin həm insan sağlamlığına, həm də ekologiyanın qorunmasına müsbət təsir göstərdiyini deyib və veloyürüşün əhəmiyyətini yüksək qiymətləndirib.

AzVİF-in 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov isə iştirakçılara təşəkkürünü bildirərək son illər ərzində velosipedin həm idman növü, həm də nəqliyyat vasitəsi kimi inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi dəstəyinin hər zaman hiss edildiyini deyib. S. Ələkbərov paytaxt sakinlərini vaxtlarının səmərəli keçirmək, ailəvi şəkildə dincəlmək və velosiped sürmək üçün hər cür şəraiti olan Veloparkın imkanlarından maksimum istifadə etməyə çağırıb.

Tədbirin sonunda yürüşün fəal iştirakılarına xüsusi diplomlar təqdim olunub.