2 May 2019
132

Velosipedçimiz “Ronde des Combattants” turunda

Dünya Velosiped Mərkəzində (WCC) təlim keçən şosse velosipedi üzrə U23 yığma komandamızın üzvü Musa Mikayılzadə adı çəkilən Mərkəzin komandasının heyətində Fransada daha bir yarışda iştirak edib – təmsilçimiz 4 mərhələdən ibarət “Ronde des Combattants” turunda mübarizə aparıb.

Yarışın 1-ci mərhələsində iştirakçılar 10,4 km məsafəyə komanda ötüşməsində güclərini sınayıblar – velosipedçimizin heyətində yer aldığı Dünya Velosiped Mərkəzinin komandası 8-ci olub.

146,6 km-lik 2-ci mərhələdə Musa Mikayılzadə finiş xəttini 32 nəfərlik qrupda keçib və fotofinişə əsasən 19-cu yeri tutub. 61 və 62 km-lik 3-cü və 4-cü mərhələlərdə isə müvafiq olaraq 35 və 16-cı nəticə göstərən Musa məşqçi tapşırığına əsasən daha çox komanda yoldaşlarını finişə çatdırmaq missiyasını yerinə yetirib.

Məhz onun köməkliyi ilə Dünya Velosiped Mərkəzinin komandasının üzvlərindən venesuelalı Yurgen Klesman Ramirez 2-ci mərhələdə 2-ci, eritreyalı Henok Mulueberhan isə 3-cü mərhələdə 5-ci yeri tutub. Yeri gəlmişkən, sonuncu həm də yarışın ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan köynəyi də qazanıb.