24 May 2019
134

Tokio-2020 üçün daha 3 lisenziya xalı

Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Çabanı Turu” keçirilib. Yarışda Azərbaycanın Elit yığmasının 2 üzvü – Ukraynanın və Belarusun “Lviv” və “Minsk” kontinental klublarının velosipedçiləri Elçin Əsədov və Samir Cəbrayılov da mübarizə aparıb.

133 km məsafəni 3 saat, 20 dəqiqə, 27 saniyəyə qət edən Elçin Əsədov finiş xəttini 10-cu keçib və bununla da ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 3 lisenziya xalı qazandırıb. Yeri gəlmişkən, Elçin həm də şərəfini qoruduğu “Lviv” komandasının yarışda iştirak edən üzvləri içərisində ən yüksək nəticə göstərib. “Minsk” klubunun heyətində çıxış edən Samir Cəbrayılova gəlincə, o 17-ci olub.

Diqqət çəkən daha bir məqam starta çıxan 89 iştirakçıdan yalnız 39-nun finişə çata bilməsidir. Qarşıdakı günlərdə velosipedçilərimizi Ukraynada keçiriləcək və Olimpiadaya lisenziya xalları verəcək 1.2 kateqoriyalı daha 3 yarış gözləyir.