27 May 2019
171

Kriterium üzrə Bakı çempionatının qalibləri müəyyənləşib


2019-cu il üçün təsdiq olunmuş vahid idman təqvim planına əsasən şosse velosipedinin kriterium ötüşməsi üzrə Bakı çempionatı keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən Veloparkda təşkil edilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib.

15 yaşadək oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Hüseyn Nərimanov, qızlar arasında isə 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü İradə Əbdürəhmanova bütün rəqiblərini qabaqlamaqla 1-ci yeri tutub.

U17 yaş kateqoriyasında müvafiq olaraq Respublika Olimpiya Velosiped Məktəbi və 7 saylı Olimpiya Velosiped Məktəbindən Nikita Sıtovla Viktoriya Sidorenko aralıq finişlərində daha çox xal toplamaqla 1-ci yerə layiq görülüblər.

Gənc qızlar arasında Elfanə Camalova fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Oğlanların gənclər və U23 yaş kateqoriyasında isə gərgin mübarizə “Neftçi” İdman Klubu İctimai Birliyinin yetirməsi Mahmud Məmmədovun (“Lviv” Cycling Team) hamını qabaqlaması ilə yadda qalıb. Fərqlənən idmançılar medal və diplomla təltif ediliblər.