11 Iyun 2019
137

EYOF-a hazırlaşan idmançımız Belçikada çempion oldu

Bu ilin iyulunda Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında iştirak edəcək oğlan və qızlardan ibarət U17 yığma komandalarımızın üzvləri Belçikada hazırlıq prosesini davam etdirirlər. Təlim-məşq prosesi çərçivəsində idmançılarımız bu ölkədə təşkil edilən beynəlxalq turnirlərdə də mübarizə aparırlar.

Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Kamran Mirzəxanov, Nofəl Nuriyev, Nikita Sıtov və Mustafa Muxtarlıdan ibarət komandamız Bertem şəhərində keçirilən beynəlxalq yarışda uğurla çıxış edib. Belçikanın “Cannibal” komandasının heyətində yarışan velosipedçilərimiz 40 km məsafəyə qrup ötüşməsi zamanı əla komanda işi sərgiləyərək Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Nikita Sıtovun finiş xəttini 1-ci keçməsinə şərait yaradıblar və təmsilçimiz fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalı zamanı iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə qaliblər müəyyənləşəcək.