24 Iyun 2019
195

Minsk-2019: qəzalarla bol olan qrup ötüşməsi başa çatdı

Belarusun paytaxtı Minskin qəbul etdiyi II Avropa Oyunlarının şose velosipedi üzrə kişilər arasında qrup ötüşməsi başa çatıb. Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında yarışda heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə və Mikayıl Səfərlidən ibarət yığma komandamız iştirak edib.

180 km məsafəyə mübarizə zamanı Minsk küçələrinin sərt döngələrdə kifayət qədər toqquşmalar və qəzalar baş verib. Elə bunun nəticəsində yarışın 100-cü km-dən sonra həm Mikayıl Səfərli, həm də Musa Mikayılzadə mübarizəni yarımçıq dayandırmaq məcburiyyətində qalıblar. Xüsusən Musa Mikayılzadə daha ciddi xəsarətlər alıb və tibbi yardım zərurəti yaranıb. Samir Cəbrayılov və Elçin Əsədov isə yarışı sonadək davam etdiriblər. Ümumilikdə starta çıxan 134 velosipedçidən 18-i finiş xəttinə çata bilməyib.

Sürət həddinin bəzən saatda 70 km/saata çatdığı yarışın qalibi isə İtaliya yığmasının üzvü Davide Ballerini olub. Estoniyalı Alo Yakin 2-ci, avstriyalı Daniel Auer 3-cü yeri tutub.

İyunun 25-də velosipedçilər 28 km məsafəyə fərdi ötüşmə növündə yarışacaqlar ki, təmsilçilərimizdən Elçin Əsədov və Samir Cəbrayılov da mübarizə aparanlar arasında olacaq.

Trek velosipedçimiz Sergey Omelçenkoya gəlincə, o Avropa Oyunlarında sprint və keyrin növlərində çıxış edəcək. Sprint növündə yarışlar iyunun 28-də, keyrində isə 30-da olacaq.