1 Sentyabr 2019
74

Milli komandamız “Tour of Almaty”da çıxış edib

Heyəti Elçin Əsədov, Musa Mikayılzadə, Samir Cəbrayılov, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət şose velosipedi üzrə yığma komandamız Qazaxıstanda keçirilən “Tour of Almaty” yarışında iştirak edib. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışında biri Dünya Turu, üçü Peşəkar Kontinental olmaqla ümumilikdə 18 komandanın tərkibində 126 velosipedçi mübarizə aparıb.

2 mərhələdən ibarət veloturun 118 km-lik ilk günündə yığma üzvlərimizdən Elçin Əsədov, Samir Cəbrayılov və Musa Mikayılzadə finişi qalibdən 42 saniyə sonra keçiblər və fotofinişə əsasən Elçin Əsədov 29-cu olub. 160 km-lik 2-ci yarış günündə isə Elçin Əsədov 39-cu, Musa Mikayılzadə 40-cı olub.

Ümumi təsnifatda “Tour of Almaty”nın qalibi Qazaxıstanın “Astana” Dünya Turu komandasının üzvü Yuri Natarov olub. Elçin Əsədovla Musa Mikayılzadə müvafiq olaraq 39 və 40-cı yerlərdə qərarlaşıblar.