14 Oktyabr 2019
216

Tokio Olimpiadasına daha 85 xal

Türkiyənin Edirne şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 1.2 kateqoriyalı “Fatih Sultan Mehmet Kırklareli” Turu başa çatıb. 130 km-lik marşrutu ilk 3 pillədə başa vuranlar arasında Azərbaycan yığma komandasının üzvü Samir Cəbrayılov da var. Məsafəni 3 saat, 9 dəqiqə, 36 saniyəyə bitirən Samir fotofinişə əsasən 2-ci nəticə göstərib. Yeri gəlmişkən, yığmamızın digər üzvü Elçin Əsədov da lider qrupun içində yer alıb və 5-ci yeri tutub.

Beləliklə, Samirin 2-ci, Elçinin isə 5-ci yeri Azərbaycan yığma komandasının aktivinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 45 xal (30+15) qazandırıb. Xatırladaq ki, bu yarışdan bir gün öncə təşkil edilən “Fatih Sultan Mehmet Edirne” Turunda Samir Cəbrayılov 2-ci, Elçin Əsədov isə 6-cı olmaqla reytinqimizi daha 40 xalla (30+10) zənginləşdirmişdi.

2 gün ərzində 85 lisenziya xalı qazanan yığma komandamız Beynəlxalq Velosipedçilər İttifaqının Olimpiya reytinqində xallarını 836-ya çatdırıb və 5 pillə irəliləməklə Olimpiya reytinqində 114 ölkə arasında 44-cü yerə qalxıb.

Türkiyə yarışlarını uğurla başa vuran komandamızın növbəti sınağı Malayziyada olacaq – baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət yığmamız oktyabrın 15-19-da 5 mərhələdən ibarət 2.1 kateqoriyalı “Peninsula” Turunda iştirak edəcək.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək və reytinqin ilk 50 pilləsində yer alacaq ölkələr Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.