16 Oktyabr 2019
88

“Tour of Peninsular”da 2-ci gün: Elçin Əsədov liderliyini qoruyur

Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of Peninsular” yarışı davam edir. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən veloturda 2-ci mərhələ arxada qalıb.

İlk yarış günündə finiş xəttini 1-ci keçən yığma komandamızın üzvü Elçin Əsədov 157 km-lik 2-ci mərhələni 3 saat, 30 dəqiqə, 43 saniyə göstərici ilə lider qrupda tamamlayıb. Bu isə velosipedçimizə ən yaxın izləyicisini 4 saniyə qabaqlamaqla ümumi təsnifatın lideri üçün nəzərdə tutulan “sarı köynəyi” özündə saxlamağa imkan verib. 2-ci mərhələni ümumi qrupla başa vuran yığma komandamızın digər üzvü Samir Cəbrayılov isə Elçindən 32 saniyə geri qalmaqla təsnifatda 12-cidir.

Oktyabrın 17-də keçiriləcək 3-cü mərhələdə iştirakçılar 173 km məsafə qət edəcəklər. Xatırladaq ki, yığma komandamız Malayziyada baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət heyətlə təmsil olunur.