16 Oktyabr 2019
112

Elçin Əsədov: “Əsas məqsədimiz Tokioya lisenziya qazanmaqdır”

Malayziyada keçirilən “Tour of Peninsular” veloturunun 1-ci mərhələsinin qalibi, Azərbaycan yığma komandasının üzvü Elçin Əsədov qələbə təəssüratlarını bölüşüb:

- Hazırda elə bir məqamdır ki, bütün milli federasiyalar Tokio-2020 Yay Olimpiya Oyunlarına düşmək üçün lisenziya xalları uğrunda mübarizə aparır. Mövsümün oktyabrın 22-də bağlanacağını nəzərə alsaq, vəziyyətin necə ciddi olduğunu deməyə ehtiyac yoxdur. Təbii ki, Azərbaycan yığma komandası olaraq biz də 4 illiyin zirvə yarışında təmsil olunmağı çox istəyirik və bunun üçün komanda olaraq mübarizə aparırıq. Oktyabrın 12-13-də Türkiyədə keçirilmiş yarışlarda 85 lisenziya xalı toplayaraq oradan birbaşa Malayziyaya uçduq. Təxminən 1 sutka yolda olduqdan sonra yarış keçirilən ölkəyə gecə çatmaq, səhər isə starta çıxmaq nə qədər çətin olsa da, məqsədimiz, amalımız uğrunda sonadək çalışacağımıza həm özüm, həm də komanda yoldaşlarım adından hamını əmin etmək istəyirəm. Çox sevinirəm ki, 2.1 kateqoriyalı yarışın ağır mərhələsinin qalibi oldum və liderliyi də ələ keçirdim. Komanda yoldaşlarıma, baş məşqçimizə və texniki heyətə dərin təşəkkürümü bildirirəm. Biz bir komandayıq və təbii ki, bu uğur təkbaşına qazanıla bilməzdi.

- Malayziya Turunun 1-ci mərhələsinin qalibi olduğum 15 oktyabr tarixi Vətənim Azərbaycan üçün olduqca əlamətdar bir günə təsadüf edir. Belə ki, 2003-cü ilin məhz bu günündə cənab İlham Əliyev ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilib. Mən həmin gün qazandığım qələbəni Ulu Öndərimiz Heydər Əliyevin bizə əmanət etdiyi müasir Azərbaycanı bugünkü yüksəkliklərə qaldırmış Prezidentimizə həsr edirəm. İnanıram ki, biz də öhdəmizə düşən vəzifəni yerinə yetirərək Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın şose velosipedi idman növündə təmsil edilməsinə nail olacağıq.