26 Oktyabr 2019
61

Veloparkda ROVM-in Açıq çempionatı keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2019-cu il üçün müəyyənləşdirdiyi yarışlar çərçivəsində Veloparkda Respublika Olimpiya Velosiped Məktəbinin Açıq çempionatı keçirilib. Yarışda klub və cəmiyyətlərin 60-a yaxın idmançısı mübarizə aparıb.

13 yaşadək oğlan və qızlar arasında fəxri kürsün ən yüksək pilləsinə Murad Dadaşov və Məryəm Əfqanzadə qalxıblar. Məryəmin bacısı Fatimə 15 yaşadək qızlar arasında 1-ci yeri tutub. Bu yaş kateqoriyasında oğlanların mübarizəsində isə Hüseyn Nərimanov hamını qabaqlayıb.

U17 yaş kateqoriyasında Nikita Sıtov oğlanlar, Məleykə İsgəndərova isə qızlar arasında qızıl medala layiq görülüb. Gənc oğlanların yarışında Nəcəf Bağırov, gənc qızların mübarizəsində isə Ayan Xankişiyeva çempionluq sevinci yaşayıb.

Açıq çempionatda iştirak edən Müdafiə Sənayesi Nazirliyi əməkdaşlarının mübarizəsi isə Fariz Mirzəzadənin qələbəsilə yekunlaşıb. Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov təqdim edib.