29 Noyabr 2019
66

Bu məktəbin bütün şagirdləri dərsə velosipedlə gəlir

Balakən rayonunun ən ucqar, qonşu Gürcüstanla sərhəddə yerləşən İtitala kəndində məktəbə yolu düşən hər kəs özünü Avropanın hansısa inkişaf etmiş bölgəsində hiss edir. Məktəbin həyətində böyük velodayanacaqda səliqə ilə düzülən 100-dən çox velosiped öz sahibini gözləyir. Çünki məktəbin hazırlıq sinifindən 11-ci sinifinədək əksər şagirdləri təhsil müəssisəsinə velosipedlə gəlib-gedirlər.

ARB TV-nin xəbərlər komandası bu maraqlı məkana baş çəkib.

Azərbaycan və gürcü bölmələri olmaqla ümumilikdə 368 şagirdin təhsil aldığı İtitala kənd məktəbində artıq 5 ildən çoxdur ki, dərsə velosipedlə gəlib-getmək ənənəyə çevrilib. Şagirdlər səhər dərsə gəldikdə həyətdə bu məqsədlə ayrılmış ərazidə velosipedi səliqə ilə saxlayır, dərsdən çıxdıqda isə sürərək evlərinə gedirlər. Hər sinifin cərgəylə ayrılan öz saxlama yeri olduğu üçün dərs sonu şagirdlər qarışıqlıq yaşamırlar.

Sağlam həyat tərzi dərslərə də təsirini göstərir. Velosipedlə dərsə gəlmək şagirdlərin öz seçimidir. Məktəb isə velosipedlərin saxlanılması üçün ayrıca yer və dərs saatlarında şagirdlərə məxsus əmlakın qorunması kimi məsələlərə nəzarət etməklə bu məsələdə öz dəstəyini göstərir.