21 Yanvar 2020
217

Fərhad Əliyev: Könüllülər idman yarışlarının ayrılmaz hissəsidir

“Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) hər zaman təşkil etdiyi beynəlxalq və daxili yarışlarda könüllülərin köməyindən yararlanıb və bu proses bundan sonra da davam edəcək”.

Bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) Asiya və Yaxın Şərq ölkələri üzrə texniki kuratoru Fərhad Əliyev AZƏRTAC-a müsahibəsində deyib.

Baş katib bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamı bu sahənin nə qədər önəmli olması faktını bir daha ortaya qoyur: “Könüllülər idman yarışlarının ayrılmaz hissəsidir. Əminliklə deyə bilərəm ki, heç bir beynəlxalq yarış və tədbir onların iştirakı olmadan yüksək səviyyədə təşkil edilə bilməz. Könüllülük həm də vətənpərvərlik məktəbi, xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Könüllülərimiz ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, Formula 1 Qran-Prisi, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar”.

AzVİF-in baş katibi qeyd edib ki, “Tour d’Azerbaidjan” veloturları, 2018-ci ildə paytaxtımızda təşkil edilən BMX üzrə dünya çempionatı zamanı könüllülər paytaxtımıza gələn qonaqların qarşılanmasından tutmuş yola salınmasınadək bütün proseslərdə olduqca yüksək fəallıq göstərərək təşkilatı məsələlərdə federasiya əməkdaşlarına böyük dəstək veriblər: “Könüllülər təkcə böyük yarışlar zamanı deyil, həmçinin daxili yarışlarımızda da bizə dəstək olurlar. Bununla əlaqədar olaraq bütün könüllüləri federasiyamız adından “Könüllülər ili” münasibətilə təbrik edir və onlara hər zaman yanımızda olduqları üçün dərin təşəkkürümüzü bildirirəm”.