19 Fevral 2020
269

Yığma komandalarımız Türkiyədədir

Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının 2020-ci il üçün təsdiq etdiyi vahid idman təqvim planına əsasən, ölkəmizin gənc oğlan və qızlardan ibarət, həmçinin U23 və Elit yığma komandasının üzvləri Türkiyədə təlim-məşq toplanışındadır. Təlim-məşq toplanışı ilə yanaşı, velosipedçilərimiz qardaş ölkədə təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının müxtəlif kateqoriyalı yarışlarında da iştirak edirlər.

Baş məşqçi Əbülfəz Məmmədov və məşqçi Aleksey Qorikovun rəhbərliyi altında Türkiyəyə Samir Cəbrayılov, Musa Mikayılzadə, Mahmud Məmmədov, Əli Qurbanov, Nəcəf Bağırov, Şahin Eyvazov və Ayan Xankişiyeva (hamısı Elit/U23), Əmral Əbdüləzizli, İbad Abbasov, Elçin Rzazadə, Nikita Sıtov, Nofəl Nuriyev, Elfanə Camalova, Mələkxanım İsmayılova, Viktoriya Sidorenko, Zəhra Əfqanzadə və Lalə Əbdürəhmanova (hamısı gənclər) yollanıb.

Artıq komanda üzvlərimiz Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının bayrağı altında keçirilən bir neçə yarışda da iştirak ediblər. 1.2 kateqoriyalı Antalya Qran-Prisində U23 yığma komandamızın üzvü Nəcəf Bağırov 119 km məsafəni 2 saat, 45 dəqiqə, 25 saniyəyə tamamlayan əsas qrupun içərisində olub və fotofinişə əsasən 13-cü nəticə göstərib. Martın 2-dək Türkiyə olacaq yığma üzvlərimiz gələn həftə daha bir neçə yarışda mübarizə aparacaq.