20 Aprel 2020
233

Avropa Velosipedçilər Birliyinin növbəti iclası keçirilib

Koronavirus pandemiyası səbəbindən bütün idman növlərində olduğu kimi, velosiped idmanında da beynəlxalq yarış təqviminin pozulması mötəbər qurumların rəhbərlərini vəziyyətdən çıxış yolu axtarmağa sövq edir. Avropa Velosipedçilər Birliyinin (UEC) videokonfrans formatında keçirilən iclasında 2020-ci ilin təqvim planında yer alan şose, MTB (dağ velosipedi), BMX və trek velosipedi üzrə qitə çempionatları, həmçinin Avropa Kuboku yarışlarının təşkili məsələləri əsas müzakirə mövzularından olub.

İclasda qeyd olunub ki, bir neçə gün əvvəl Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən nüfuzlu “Tour de France” veloturunun 29 avqust – 20 sentyabr, İsveçrədə təşkil ediləcək şose velosipedi üzrə dünya çempionatının isə 20-27 sentyabr tarixlərində keçirilməsi ilə bağlı qərar qəbul edilməsindən sonra 9-13 sentyabr tarixlərində İtaliyanın qəbul etməli olduğu Avropa çempionatının yeni vaxtının müəyyənləşdirilməsi ilə bağlı təşkilatçı ölkəyə 3 müxtəlif tarix təklif edilib və yaxın günlərdə bununla bağlı yekun qərarın veriləcəyi gözlənilir.

Tokio Yay Olimpiya Oyunlarının gələn il 23 iyul – 8 avqust tarixlərində keçiriləcəyini nəzərə alsaq, 2021-ci ilin avqustunda velosiped idmanının müxtəlif növləri üzrə Belarusun paytaxtı Minskin qəbul etməli olduğu birləşmiş Avropa çempionatının tarixinin dəyişdirilməsi məsələsi də müzakirə olunub. Bildirilib ki, UEC Direktorlar Komitəsi Belarus hökuməti ilə birlikdə qitə çempionatının yeni tarixinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrə başlayıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Direktorlar Komitəsinin üzvü Sahib Ələkbərov iclasda çıxış edərək koronavirus pandemiyasının təsirlərinin azaldılması məqsədilə Azərbaycanda həyata keçirilən tədbirlər, ölkədə bütün idman yarışlarının dayandırıldığı və şərait imkan verdikdən sonra idman həyatının canlandırılması ilə bağlı görülməsi nəzərdə tutulan işlər barəsində məlumat verib.