18 Iyun 2020
271

Bakı Birinciliyinin qalibləri müəyyənləşib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılğı ilə Veloparkda şose velosipedi üzrə Bakı Birinciliyi keçirilib. Yarışda U15, U17, gənclər və U23 yaş kateqoriyası üzrə 60-a yaxın idmançı mübarizə aparıb.

15 yaşadək qızların 9 km məsafəyə yarışında Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Radha Şabanova finiş xəttini birinci keçib. Onun komanda yoldaşı Tamerlan Vitovski isə oğlanlar arasında eyni məsafəni hamıdan tez qət edib.

17 yaşadək oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbini təmsil edən Kamran Mirzəxanov 15 km məsafəyə ötüşmədə bütün rəqiblərini qabaqlayıb. 7 saylı Olimpiya Məktəbin üzvü Fatimə Əfqanzadə isə 9 km məsafəyə qrup ötüşməsində çempionluq sevinci yaşayıb.

Gənc və 23 yaşadək qızlar arasında 15 km məsafəyə yarışda Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Ayan Xankişiyeva hamıdan güclü olub. 36 km məsafəyə mübarizə aparan gənc və 23 yaşadək oğlanların yarışı isə 7 saylı Olimpiya Məktəbinin üzvü Əmral Əbdüləzizlinin qəbələsilə başa çatıb.

Qaliblər təşkilatçılar tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif edilib. Yarış zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində verdiyi bütün tapşırıq və tövsiyələrə əməl edilib.