1 Oktyabr 2020
110

Elçin Əsədov: Torpaqlarımız tez bir zamanda düşmən işğalından azad ediləcək

“Torpaqlarımız tez bir zamanda düşmən işğalından azad ediləcək”.

Bunu Fizuli rayonundan olan məcburi köçkün, şose velosipedi üzrə Azərbaycanın Elit yığma komandasının üzvü, ölkəmizi “Tokio-2020” Yay Olimpiya Oyunlarında təmsil edəcək Elçin Əsədov cəbhə xəttində baş verənlərlə bağlı AZƏRTAC-a açıqlamasında deyib.

Velosipedçimiz bildirib ki, 1993-cü ilin avqust ayında Ermənistan Silahlı Qüvvələrinin Fizulini işğal etməsindən sonra məcburi köçkün kimi Bakıda məskunlaşıb: “Bu illər ərzində hər zaman doğma el-obamıza qayıdacağımız günü səbirsizliklə gözləmişik. Artıq həmin an yetişib, rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində torpaqlarımız düşmən işğalından azad olunmağa başlayıb. Bir neçə gün əvvəl Fizuli rayonunun bir neçə kəndinin düşmən işğalından azad edilməsi xəbərini eşitdikdə sevincimdən göz yaşlarımı saxlaya bilmədim. Ali Baş Komandan İlham Əliyevə, şanlı ordumuza inanıram. Əminəm ki, başladığımız bu iş ən qısa zamanda başa çatacaq, içi mən və ailəm qarışıq bütün məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaq. Vətən üçün son damla qanımıza qədər vuruşmağa hazırıq, yetər ki Vətən sağ olsun”.