1 Dekabr 2020
291

MOK idmançılar üçün təlimlərə start verdi

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi BOK-un idmançılarla işin gücləndirilməsi, o cümlədən müxtəlif sahələrdə bilik və bacarıqların artırılması istiqamətində əlavə imkanların yaradılması tövsiyələrini nəzərə alaraq layihələr reallaşdırır. MOK idmançılar üçün 3 istiqamətdə - psixoloji dəstək, ingilis dilində danışıq və İKT sahəsində bacarıqların təkmilləşdirilməsi üzrə kurslara start verib. Hər 3  istiqamətdə təlimlərə qatılacaq idmançılar və təlimçilərlə keçirilən görüşdə MOK Marketinq idarəsinin rəhbəri Mehman Kərimov bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin 14 aprel 2019-cu il tarixində Lozannada baş tutan Atletlər Forumunda üzv ölkələrin olimpiyaçıları üçün əlavə bilik və bacarıqlar verilməsinə imkan yaradan fəaliyyət növlərinin, həmçinin idman qərarlarının qəbulunda idmançıların aktiv iştirakının müəyyənləşdirilməsi gündəliyin əsas mövzusu olub.

2020-ci il ilk rübündən başlayan COVİD-19 pandemiyası qeyd olunanları həm BOK, həm də MOK qarşısında daha aktual və ciddi məsələyə çevirib. İlkin mərhələdə 30 idmançı üçün nəzərdə tutulan təlim kursları cari ilin sonunadək davam edəcək. Eksperimental xarakter daşıyan təlimlərin qiymətləndirilməsindən sonra növbəti il üçün forma və mövzu ilə bağlı qərar veriləcək. BOK-un maliyyə dəstəyi ilə həyata keçirilən təlimlərin 2024-cü ilə qədər davam edəcəyi planlaşdırılır.