
UEC-yə yeni prezident seçiləcək
Avropa Velosipedçilər Birliyinin (UEC) mart ayının 6-da təşkil ediləcək hesabat-seçki konfransında qurumun yeni prezidenti müəyyənləşəcək. Bu, hazırda UEC-yə rəhbərlik edən Rokko Kattaneonun milli federasiyalara müraciətindən sonra müəyyənləşib.
2018-ci ildən etibarən Avropa Velosiedçilər Birliyinin prezidenti olan cənab Kattaneo mart ayındakı seçkilərdə namizədliyini irəli sürməyəcəyini elan edib. Bundan başqa o, hazırda UEC-nin baş katibi olan Enriko Della Kasanın prezidentliyə namizədliyini dəstəkləyəcəyini də açıqlayıb.
COVİD-19 pandemiyası səbəbindən onlayn qaydada keçiriləcək seçkilərdə həmçinin UEC Direktorlar Şurasının 6 üzvü və Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) Konqreslərində Avropa Velosipedçilər Birliyi adından səsvermə hüququna malik 15 səlahiyyətli nümayəndənin də adına aydınlıq gələcək.
