6 Mart 2021
154

UEC-yə yeni prezident seçilib

Bu gün Avropa Velosipedçilər Birliyinin (UEC) sayca 33-cü Konqresi keçirilib. Quruma üzv olan 50 milli federasiyanın nümayəndələrinin onlayn qaydada iştirak etdiyi tədbirdə ölkəmiz AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov və baş katib Fərhad Əliyevlə təmsil olunub.

Hesabat xarakterli çıxışlardan sonra UEC-yə yeni prezident seçkisi baş tutub – bunadək qurumun baş katibi vəzifəsində çalışan italiyalı Enriko Della Kasa qarşıdakı 4 il üçün Avropa Velosipedçilər Birliyinin prezidenti seçilib.

Konqres zamanı UEC-nin Rəhbər Komitəsinin və Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) Konqreslərində Avropa Velosipedçilər Birliyi adından səsvermə hüququna malik üzvləri də müəyyənləşib. AzVİF-in baş katibi Fərhad Əliyev səlahiyyətli nümayəndə olaraq UCI Konqreslərində iştirak edəcək səlahiyyətli nümayəndələr sırasında yer alıb.