19 Aprel 2021
108

UCI FIA-nın "Yolu paylaş" kampaniyasına dəstək verir

Yol təhlükəsizliyi Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) və velosiped sürənlər üçün həyati əhəmiyyət kəsb edən mühüm bir məsələdir. Daha yaxşı, etibarlı və əlçatan velosiped yolları üçün bütün ortaq əməkdaşlıqlar UCI-nın əsas hədəfi hesab edilir. Bu baxımdan Beynəlxalq Velosipedçilər İttifaqı #3500LIVES “Qlobal Yol Təhlükəsizliyi Kampaniyası” çərçivəsində Beynəlxalq Avtomobil Federasiyası (FIA) ilə birlikdə sosial layihənin həyata keçirilməsinə başlayıb.

Formula-1 üzrə Emilia-Romanya Qran Prisi öncəsi Beynəlxalq Avtomobil Federasiyası tərəfindən təqdim edilən “Yolu paylaş” videoçarxında Formula-1 pilotu Mik Şumaxer və şose velosipedi üzrə 2020-ci il dünya çempionu Jülyen Alafilip yolun müxtəlif növ nəqliyyat vasitələrinin istifadəçiləri arasında bölüşməsinin zəruriliyindən danışıblar. Qeyd olunub ki, hər gün dünya yollarında 500-ü uşaq olmaqla orta hesabla 3500 insan həyatını itirir. Bu sayı azaltmaq və velosipedçilərin təhlükəsiz yol mühitindən faydalana biləcəyinə əmin olmaq üçün hamı birlikdə çalışmalıdır.

Mik Şumaxer və Jülyen Alafilip “Yolu paylaş” çağırışı ilə bütün yol istifadəçilərini sürət həddinə riayət etməyə, görmə məhdudiyyəti olan zaman sürəti azaltmağa və təhlükəsiz məsafə saxlamağa dəvət edirlər.