11 Iyun 2021
333

İdmançıların peyvəndləmə prosesinə başlanılıb

Azərbaycanı Tokio Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların və bütövlükdə Azərbaycanın Olimpiya Oyunlarına yollanacaq heyət üzvlərinin COVİD-19 infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanılıb. Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin məlumatına görə, ilk peyvənd qurumun vitse-prezidenti Çingiz Hüseynzadəyə vurulub.

Peyvəndləmə prosesinə koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar və Olimpiya heyəti üzvləri cəlb olunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, vaksinə əks göstərişi olmayan Azərbaycanın Tokio Olimpiya Oyunları komandasının bütün üzvləri peyvəndləməyə cəlb ediləcək. Hazırda təlim-məşq toplanışlarında olan Olimpiya komandasının digər üzvləri də mərhələli şəkildə Olimpiadaya qədər peyvənd olunacaqlar. İştirakçı ölkələrdə başlanan peyvəndlənmə prosesi Tokio Yay Olimpiya Oyunlarıının təhlükəsiz şəraitdə keçməsinə zəmin yaradacaq.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax son çıxışında bildirib ki, Atletlər Kəndində məskunlaşacaq, Tokio Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək idmançıların və komanda üzvlərinin 80% Oyunlar başlayana qədər vaksinasiya olunacaq. Olimpya Oyunları 23 iyul - 8 avqust, Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabr tarixlərində keçiriləcək.