24 İyul 2021
191

Tokio-2020: Kişilərin qrup ötüşməsi başa çatdı

Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilərin şose velosipedi üzrə qrup ötüşməsinin qalibi müəyyənləşib - ekvadorlu Riçard Karapaz solo-finişlə Olimpiadanın qızıl medalına layiq görülüb.

128 iştirakçının 234 km məsafəyə mübarizəsi Azərbaycanı bu növdə təmsil edən Elçin Əsədovun inamlı çıxışı ilə başlayıb. İlk dəqiqələrdən 8 nəfərlik qrupla lider mövqeyinə çıxan idmançımz 57-ci km-də yıxılsa da, yarışa davam edib. Marşrutun 110-cu km-dək 8 nəfərlik lider qrupunda olan Elçin Əsədov təəssüf ki 125 km-dən sonra mübarizəni dayandırmalı olub.

Marşrutu 6 saat, 5 dəqiqə, 26 saniyəyə başa vuran Ekvador yığmasının üzvü Riçard Karapaz ən yaxın izləyicilərini 1 dəqiqə, 7 saniyə qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. 2-ci yerə belçikalı Vout Van Aert, 3-cü yerə isə 2021-ci il “Tour de France” yarışının qalibi, sloveniyalı Tadey Poqaçar layiq görülüb.