13 Noyabr 2021
110

Məktəblilərin “Zəfər Kuboku” yarışı keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, "Çinar Yayımları” nəşriyyatı və “Özsüt” restoran və kafe şəbəkəsinin sponsorluğu ilə Respublika Velotrekində 8 Noyabr - Zəfər Günü münasibətilə Bakı şəhər məktəbliləri arasında velosiped idman növü üzrə "Zəfər Kuboku” yarışı keçirilib. Yarışda 12 rayonun hər birində 4 iştirakçı olmaqla 36 komandası mübarizə aparıb.

2007-2008-ci il təvəllüdlü şagirdlərdən ibarət olan komandalar estafet sistemi üzrə yarışıblar və ən yaxşı vaxt göstəricisi əsasında qaliblər müəyyənləşib. Bütün rəqiblərindən daha yaxşı çıxış edən Səbail rayonu 236 saylı məktəbin komandası fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Nərimanov rayonu 82 saylı məktəbin komandası 2-ci, Suraxanı rayonu 282 saylı məktəbin təmsilçiləri isə 3-cü yeri tutublar.

Mükafatlandırma mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak ediblər. Qalib komandalar medal, diplom, kubok, həmçinin sponsorlardan hədiyyələrlə təltif ediliblər. Bundan başqa, 1-ci yeri tutan komandanın hər bir üzvünə velosiped də hədiyyə edilib.