7 Dekabr 2021
316

Velosiped məşqçiləri üçün texniki kurslar keçirilir

Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə velosiped məşqçiləri üçün texniki kurslara start verilib. Azərbaycan Velosiped İdmanı Federasiyasında baş tutan açılış mərasimində Milli Olimpiya Komitəsinin Marketinq Departamentinin rəhbəri Mehman Kərimov, AzVİF-in Baş Katibi Fərhad Əliyev və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov iştirak edib.

Bildirilib ki, Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə son 5 ildə ölkəmizdə 9 texniki kurs təşkil olunub. Bu kurslardan ikisi velosiped idman növü üçün 1-ci dərəcəli kurslar olub. O da vurğulanıb ki, hər idman növündə 3 səviyyə üzərindən qiymətləndirilən məşqçilərin beynəlxalq arenada tanınması və dünyanın istənilən ölkəsində öz fəaliyyətlərini həyata keçirə bilməsi vacibdir.

Beynəlxalq federasiyalar tərəfindən təsdiq olunmuş məşqçilər üçün texniki kurslarda yalnız Bakıdan deyil, ölkəmizin müxtəlif şəhər və rayonlarından da məşqçilər iştirak edir və imtahanları müvəfəqiyyətlə başa vuraraq beynəlxalq dərəcəli məşqçilik sertifikatını əldə edirlər. 6-13 dekabr tarixlərində baş tutacaq kursu beynəlxalq dərəcəli ekspert Elnarə Musayeva aparır. Qeyd edək ki, kurs velosiped idmanı üzrə ölkəmizdəki ilk 2-ci dərəcəli tədbirdir.