10 May 2022
101

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş məktəblilər arasında velosiped yarışı keçirilib

Bu gün Respublika Velotrekində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş məktəblilər arasında velosiped yarışı keçirilib. Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan yarışda Bakı şəhərini təmsil edən 8 orta məktəbdən ümumilikdə 160 şagird iştirak edib.

Reqlamentə əsasən hər məktəb 6-9-cu sinif şagirdlərindən ibarət olan 4 komanda ilə təmsil olunub. Komandaların tərkibi isə 3 oğlan və 2 qız velosipedçidən ibarət olub.

Yarışdan öncə AVF-nin və Təhsil Nazirliyinin nümayəndələri çıxış edərək müasir, müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin  dövlətimiz  üçün gördüyü misilsiz işlərdən, onun idmana və idmançılara göstərdiyi xüsusi diqqətdən danışıblar. Ölkəmizdə velosiped idmanının sevildiyi və bu idman növünün zaman keçdikcə daha da inkişaf etdiyi vurğulanıb.

Daha sonra yarışın baş hakimi qaydalarla bağlı iştirakçılara məlumat verib və təhlükəsizlik tədbirlərinə əməl etməyin vacibiyini diqqətə çatdırıb.

Yarışın qalibi Xətai rayonu 245 saylı orta məktəbin komandası olub. Qaliblərə  Fəxri Fərman, diplom və qiymətli hədiyyələr təqdim edilib, həmçinin digər komanda üzvlərinə həvəsləndirici sertifikatlar verilib.

Yarışın təşkil edilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etmək, Ulu Öndərin irsini təbliğ etmək, velosiped idmanının ölkəmizdə daha da kütləviləşməsinə dəstək olmaq, məktəblilərdə bu idman növünə həvəs yaratmaqdır.

Qeyd edək ki, AVF-nin nümayəndələri mütəmadi olaraq Bakı şəhərinin müxtəlif rayonlarının məktəblərində şagirdlərlə maarifləndirici söhbətlər aparır, onlara bu idman növü haqda ətraflı məlumatlar verir, məktəbdaxili yarışlar təşkil edirlər.