2 Iyun 2022
63

Elçin Əsədov “Tour of Albania” yarışında mövqeyini yüksəldib

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının 3-cü mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın  Elit/U23 yığma komandasının liderlərindən olan Elçin Əsədov bu mərhələni lider qrupun içərisində başa vurub və fotofinişə əsasən 6-cı yerdə qərarlaşmaqla, ümumi təsnifatda mövqeyini 5-ci sıraya yüksəldib. İdmançımız yarışda ən çox xal toplayan velosipedçilər arasında isə 3-cü yerdədir. E.Əsədovun hesabında 52 xal var.

Bu mərhələdə yığma komandamızın digər üzvü Musa Mikayılzadə 17-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, velosipedçilər 3-cü mərhələdə 122,3 km məsafə qət ediblər. Onlar iyunun 3-də keçiriləcək 4-cü mərhələdə isə 130,8 km məsafədə mübarizə aparacaqlar.

Xatırladaq ki, mötəbər yarışda ölkəmizi baş məşqçi Asif Həsənovun rəhbərliyi altında Elit/U23 yığma komandamızın üzvləri Elçin Əsədov, Elgün Əlizadə, Musa Mikayılzadə, Əli Qurbanov, Şahin Eyvazov və Yusif İsmayılov təmsil edir.