3 Iyun 2022
185

“Şuşa ili” və Beynəlxalq Velosiped Gününə həsr olunmuş trek velosipedi üzrə yarış keçirilib

İyunun 3-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Velotrekində “Şuşa ili” və Beynəlxalq Velosiped Gününə həsr olunmuş trek velosipedi üzrə yarış keçirilib. “Şuşa sən azadsan” devzi ilə keçirilən yarışda “Təhsil” RİM-in 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin 2005-2010-cu il təvəllüdlü oğlan və qız idmançıları iştirak edib.

Şəxsi xarakter daşıyan yarış Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcud qaydalarına əsasən təşkil edilib.

İdmançılar 200 m və 2 km məsafəyə fərdi ötüşmədə mübarizə abarıblar.

Startdan öncə AVF və “Təhsil” RİM-in rəhbərliyi çıxış edərək, idmançılara “Şuşa ili” və Beynəlxalq Velosiped Günü haqqında ətraflı məlumat veriblər.

200 m məsafəyə fərdi ötüşmədə oğlanlar arasında Cavid Qəfərli, qızlar arasında isə Ayan Məmmədzadə hamını qabaqlayaraq birinci yerə layiq görülüblər.

Artyom Proskuryakov və Xədicə Nabatzadə ikinci, Teymur Kazımlı və Ceyla Həşimova isə üçüncü yerdə qərarlaşıblar.

2 km məsfayə fərdi ötüşmədə oğlanlar arasında Artyom Proskuryakov, qızlar arasında isə Xədicə Nabatzadə ən sürətli velosipedçi olublar.

Timur Şerşnyov və Ayan Məmmədzadə ikinci, Cavid Qəfərlı və Ceyla Həşimova üçüncü yerlə kifayətləniblər.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd “Şuşa ili” və Beynəlxalq Velosiped Günü haqqında idmançılara ətraflı məlumatların verilməsi, velosiped idmanının təbliği və inkişafı, perspektivli idmançıların aşkar edilməsidir.