4 Iyun 2022
124

Elçin Əsədov “Tour of Albania” yarışında 2-ci oldu

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

E.Əsədov bu nəticə ilə ümumi təsnifatda 5-ci pillədə yer alıb və bununla da ölkə reytinqimizə daha 15 xal qazandırıb. Millimizin kapitanı həmçinin ən yaxşı sprinterlərin mübarizəsində 77 xalla 3-cü olub.

Azərbaycan Velosiped Federasiyasının rəsmi saytına açıqlama verən E.Əsədov yarış haqqında təəssüratlarını bildirib. O, yüksək nəticə qazanmaq üçün bütün gücü ilə mübarizə apardığını vurğulayıb. Yığma komandamızın kapitanı son mərhələdə bütün velosipedçiləri geridə qoyaraq, dağ yollarında albaniyalı və xorvatiyalı idmançılarla sona qədər mübarizə apardığını, nəticədə ikinci olaraq, fəxri kürsüyə qalxmağı bacardığını vurğulayıb: “Fəxr edirəm ki, mötəbər beynəlxalq yarışda Vətənimi layiqincə təmsil etdim. Bu qələbəmi ölkəmizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizə həsr edirəm. Əldə edilən bu nailiyyətlər ölkə rəhbərliyi tərəfindən idmançılarımız üçün yaradılan yüksək şəraitin nəticəsidir”.

Qeyd edək ki, E.Əsədov yarışın 1-ci, 2-ci və 3 mərhələlərini ilk onluqda tamamlayıb.

Sonuncu mərhələdə finiş xəttini 12-ci keçən yığma komandamızın digər üzvü Musa Mikayılzadə ümumi təsnifatda  12-ci nəticə göstərib.

Xatırladaq ki, mötəbər yarışda ölkəmizi baş məşqçi Asif Həsənovun rəhbərliyi altında Elit/U23 yığma komandamızın üzvləri Elçin Əsədov, Elgün Əlizadə, Musa Mikayılzadə, Əli Qurbanov, Şahin Eyvazov və Yusif İsmayılov təmsil edirdi.