23 Iyun 2022
50

Azərbaycan Velosiped Federasiyasının idmançılarının nümunəvi çıxışları alqışlarla qarşılanıb

İyunun 23-də Dənizkənarı Bulvarda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə müasir Olimpiya hərəkatının yaranması, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunması və Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr edilmiş “Olimpiya Günü” adlı tədbir keçirilib. Beynəlxalq Olimpiya Günündə təşkil edilən tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun Baş katibi Azər Əliyev, olimpiyaçılar, gənc idmançılar və digərləri iştirak ediblər.

Tədbirdə Gimnastika, Velosiped, Karate Federasiyalarının gənc idmançıları və Çirlidinq qrupu nümunəvi çıxışlar göstəriblər.

Digər federasiyalarla yanaşı, Azərbaycan Velosiped Federasiyasının idmançılarının çıxışları da böyük marağa səbəb olub. Velosipedçilərin göstərdikləri nümunəvi hərəkətlər alqışlarla qarşılanıb.

Daha sonra gənc idmançılar qaçış üzrə yarışlara qatılıblar. Oğlanlar 1000 m, qızlar isə 500 m məsafədə mübarizə aparıblar. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Qaçış üzrə yarışlarda da AVF-nin 30-dan çox idmançısı uğurla iştirak edib.