26 İyul 2022
45

Velosipedçilərimiz Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında mübarizəyə başlayıblar

İyulun 26-da Azərbaycanın şose velosipedi üzrə yeniyetmələrdən ibarət milli komandasının üzvləri Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında mübarizəyə başlayıblar.

Şose velosipedinin fərdi ötüşmə növü üzrə qızlar arasında keçirilən yarışda 3 yeniyetmə velosipedçimiz - Radha Şabanova, Ayan Məmmədzadə və İradə Əbdürəhmanova iştirak edib. İdmançılar bu növdə 8,4 km məsafə qət ediblər.

Avropanın ən güclü yeniyetmə velosipedçilərinin qatıldığı yarışı Radha Şabanova (13.54,65) 69-cu, Ayan Məmmədzadə (14.10,79) 74-cü, İradə Əbdürəhmanova (14.39,17) isə 75-ci yerdə tamamlayıb.

Fərdi ötüşmə növü üzrə yeniyetmə oğlanlar arasında keçirilən yarışda da velosipedçilər 8,4 km məsafə qət ediblər. Yarışda yeniyetmə oğlanlardan milli komandamızın üzvləri Tural İsrafilov, Ravi Rzayev və Tamerlan Vitovski mübarizə aparıblar.

93 velosipedçinin iştirak etdiyi mübarizədə Tural İsrafilov (11.43,44) 50-ci, Tamerlan Vitovski (12.53,47) 88-ci, Ravi Rzayev (13.09,76) isə 92-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan velosipedçiləri iyulun 28-də qrup ötüşməsi növündə yarışacaqlar. Bu növdə qızlar 57,8 km, oğlanlar isə 65,8 km məsafə qət edəcəklər.

Xatırladaq ki, Slovakiyada Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında velosiped yarışlarında ölkəmizi qızlardan İradə Əbdürəhmanova, Radha Şabanova, Ayan Məmmədzadə, oğlanlardan isə Tural İsrafilov, Ravi Rzayev və Tamerlan Vitovski təmsil edir. Milli komandamıza baş məşqçi Asif Həsənov rəhbərlik edir.

İyulun 24-də rəsmi açılışı olan Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında 50 ölkədən 4000-ə yaxın idmançı 10 idman növü üzrə mübarizə aparır. Azərbaycan isə festivalda 33 idmançı ilə gimnastika, velosiped, yüngül atletika, tennis, üzgüçülük, cüdo və badminton idman növlərində təmsil olunur.