28 İyul 2022
113

Velosipedçilərimiz Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında çıxışlarını başa vurublar

İyulun 28-də Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında Azərbaycanın yeniyetmələrdən ibarət milli komandasının üzvləri şose velosipedinin qrup ötüşməsi növündə mübarizə aparıblar.

Qızlar arasında keçirilən yarışda Ayan Məmmədzadə, Radha Şabanova və İradə Əbdürəhmanova, oğlanlar arasında baş tutan yarışda isə Tural İsrafilov, Ravi Rzayev və Tamerlan Vitovski iştirak edib.

Qızlar 57,8 km, oğlanlar isə 65,8 km məsafə qət ediblər.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Ayan Məmmədzadə (1:48:10) 72-ci, Radha Şabanova (1:48:13) 73-cü, İradə Əbdürəhmanova (1:48:30) isə 74-cü yerdə qərarlaşıb.

Qitənin ən güclülərinin qatıldığı yeniyetmə oğlanların mübarizəsində isə Tural İsrafilov (1:45.58) turnir cədvəlinin 76-cı, Ravi Rzayev (1:46.42) 82-ci və Tamerlan Vitovski (1:46.42) 83-ci pilləsində yer alıb.

Bununla da velosipedçilərimiz Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında çıxışlarını başa vurublar.

Xatırladaq ki, festivalda baş məşqçi Asif Həsənovun rəhbərliyi ilə millimizin üzvləri Ayan Məmmədzadə, Radha Şabanova, İradə Əbdürəhmanova, Tural İsrafilov, Ravi Rzayev və Tamerlan Vitovski iştirak edib.

Qeyd edək ki, iyulun 24-də rəsmi açılışı olan Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında 50 ölkədən 4000-ə yaxın idmançı 10 idman növü üzrə mübarizə aparır. Azərbaycan isə festivalda 33 idmançı ilə gimnastika, velosiped, yüngül atletika, tennis, üzgüçülük, cüdo və badminton idman növlərində təmsil olunur.