6 Avqust 2022
63

Azərbaycan velosipedçiləri V İslam Həmrəyliyi Oyunlarında növbəti yarışlarda iştirak ediblər

Avqustun 6-da velosiped üzrə Azərbaycanın Elit/U23 yığma komandasının üzvləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti yarışlara qatılıblar.

Qadın velosipedçilərimizdən Lalə Əbdürəhmanova Konya Velodromunda keçirilən trek velosipedinin fərdi ötüşmə növündə mübarizə aparıb. Nəticələrə əsasən, o, turnir cədvəlinin 14-cü yerində qərarlaşıb (04:16.727).

Həmin növdə kişilər arasında yarışda isə Elçin Əsədov və Elgün Əlizadə iştirak edib. E.Əsədov (04:40.822) 17-ci, E.Əlizadə (04:49.107) isə 23-cü yerlə kifayətlənib.

Qeyd edək ki, avqustun 9-da rəsmi açılışı olacaq Oyunlarda baş məşqçilər Asif Həsənov (şose üzrə) və Elçin Qərəmanovun (trek üzrə) rəhbərliyi ilə kişi velosipedçilərdən Elçin Əsədov, Nəcəf Bağırov, Əmral Abduləzizli, Əli Qurbanov, Musa Mikayılzadə, Şahin Eyvazov, Elgün Əlizadə, qadın velosipedçilərdən isə Viktoriya Sidorenko, Ayan Xankişiyeva və Lalə Əbdürəhmanova iştirak edirlər.

İdmançılarımız həm trek, həm də şose növlərində yarışırlar.

56 ölkədən 4200 idmançının qatıldığı V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi avqustun 18-də baş tutacaq.