Azərbaycanın İstedadlı Velosipedçiləri Proqramı

Ümumi məlumat

 

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) tərəfindən irəli sürülmüş “Azərbaycanın istedadlı velosipedçiləri proqramı” layihəsi velosipedçi idmançıların dəstəklənməsini nəzərdə tutur. Bu proqramın əsas məqsədi velosipedçilərin müxtəlif yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında uğur qazanmasına dəstək olmaqdan ibarətdir. Bu proqram 01.04.2012-ci il tarixindən etibarən fəaliyyətə başlayıb.

 

Proqram aşağıdakı hallarda dayandırıla bilər:

 

- Velosipedçi AzVİF-in göstərişlərinə riayət etmədikdə, baş məşqçinin göstəriş və tapşırıqlarına əməl etməkdən boyun qaçırdıqda və ya dopinq qalmaqalı baş verdikdə;

- Velosipedçi ona məsul olan məşqçinin göstərişlərinə əməl etməli və məşqlərə aid sənədləşmələri AzVİF-ə təqdim etməlidir. AzVİF-in məşq sisteminə əməl etmək məcburi sayılır;

- Velosipedçi AzVİF-in ona məsul olan həkiminə bütün tibbi sənədləri təqdim etməyə borcludur;

- Bütün mətbuat orqanları ilə əlaqə idmançıya məsul olan məşqçi və Federasiyanın mətbuat xidməti ilə razılaşdırılmalıdır.

 

Göstərilən aylıq maliyyə dəstəyindən başqa bu proqram digər əlavə yardımları da nəzərdə tutur:

- Təhsil və dil biliklərinin təkmilləşməsinə dəstək, fərdi dərslər, sürücülük vəsiqəsi, xüsusi velosiped materialları və trenajorlar;

- Tibbi, fizioterapiya, elmi və fərdi məşq yardımlarının göstərilməsi.

 

Məqsəd və vəzifələr


“Azərbaycanın istedadlı velosipedçiləri proqramı” Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən həyata keçirilən layihədir. Layihəyə əsasən istedadlı idmançılara onların təmsil olunduqları klublardan asılı olmayaraq Federasiya tərəfindən köməklik göstərilir.


Məqsəd: idmançıya peşəkar velosipedçi karyerası qurmaqda yardım etmək və onun Dünya Turu yarışlarında, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında iştirakına şərait yaratmaq.


Seçim hər ilin oktyabr ayında gələcək mövsüm üçün idman direktoru tərəfindən həyata keçirilir. Həmin seçim idmançıların nəticələrinə və milli komanda məşqçilərinin təkliflərinə əsaslanır. İdmançı 1-4 il müddətinə (Olimpiya dövrü) seçilə bilər. Qeyri-adi inkişaf halında idmançı istənilən vaxt proqrama daxil edilə bilər.

 

Dəstək: Təhsil və dil dəstəyi, fərdi şəkildə təşkil olunmuş dərslər, xüsusi velosiped avadanlığı, məşq üçün xüsusi avadanlıq, tam tibbi dəstək, fizioterapiya, idman qidası, vitaminlər, məşq və elmi dəstək, fərdi təlim-məşq toplanışları, aylıq maddi ödəniş kimi dəstəkləri nəzərdə tutur.


Peşəkar komanda: İdmançı hər hansı bir peşəkar komandaya məxsus olduğu halda, onun əmək haqqı barədə danışıqlar idmançının komandası və federasiya arasında aparılır. Maddi dəstəyin alınması üçün komanda idmançı ilə bağlanmış müqaviləni təqdim etməlidir.


Proqram çərçivəsində göstəriləcək dəstək qarşılığında idmançının öhdəlikləri bunlardır:

 

U17 - Beynəlxalq yarışlarda ilk 20-likdə qərarlaşmaq;

Gənclər - Beynəlxalq yarışlarda ilk 20-likdə qərarlaşmaq;

U23  - Beynəlxalq yarışlarda ilk 20-likdə qərarlaşmaq və minimum 10 UCI xalı toplamaq;

Elit - Beynəlxalq yarışlarda ilk 20-likdə qərarlaşmaq və minimum 50 UCI xalı toplamaq.