Para-velosiped


"Para-velosiped" fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan idman növlərindən biridir. Yaranma tarixi 80-ci illərə təsadüf edir. Elə həmin vaxtdan da idmançılar arasında yayılmağa başlayıb. İlk vaxtlar öndə pilot, arxada isə idmançı oturmaqla para-velosiped ilə görmə məhdudiyyəti olan şəxslər yarışıblar. İllər keçdikcə para-velosiped yarışlarına serebral iflicdən əziyyət çəkən, ayağı və ya əli amputasiya olunan, hətta əlil arabasından istifadə edənlər də qatılmağa başlayıb. 1984-cü ildə bu yarış növü Nyu Yorkda öz paralimpiya debütünü edib. 12 ildən sonra isə Atlantada trek növü para-velosiped Paralimpiya Oyunlarına daxil edildi.

Azərbaycanda bu idman növünün "handcycle" növü rəsmi olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində 1 noyabr 2018-ci ildə fəaliyyətə başlayıb. Milli komandanın baş məşqçisi Amid Həsənquliyev, idmançılar isə Mehman Ramazanzadə və Bəhlul Əliyevdir. 11-15 sentyabr 2019-cu il tarixlərində Hollandiyanın Emmen şəhərində keçirilən dünya çempionatında ölkəmizi para-velosiped idman növü üzrə milli komandanın idmançısı Mehman Ramazanzadə təmsil edib.