Qaydalar

Velosiped idman yarışlarında qaydalar növlərə əsasən müəyyən olunur. Velosiped idman növündə şose, trek, dağ velosipedi və BMX növlərİ var. Hər növ üzrə keçirilən yarışlarda spesifik velosipedlərdən istifadə olunur.

 

Şose velosipedi

Şose velosiped idmanı bərk örtüyü olan alfalt yollarda fərdi və qrup ötüşmələri şəklində keçirilir. Velosipedçilərin hərəkət etdiyi marşrutun uzunluğu yaş kateqoriyasına uyğun olaraq dəyişir. Şose velosiped idmanı digər velosiped idman növləri arasında daha çox inkişaf etmişdir.

 

Trek velosipedi

Trek velosipedi üzrə yarışlar Velotreklər və Velodromlarda təşkil edilir. Bu yarışlar fərdi və qrup halında həyata keçirilir. Trek yarışlarında vaxt mühüm rol oynayır. İdmançının qarşısında duran əsas tələb hədəfə maksimum tez çatmaqdır. Burada əsasən güc və texnika tələb olunur.

 

Dağ velosipedi

Dağ velosipedində idmançıların qarşısına qoyulan tələb dağ yollarında lazım olan manevrləri yerinə yetirməkdir. Bu idman növündə xüsusi konstruksiyaya malik dağ velosipedlərindən istifadə olunur. Dağ velosipedi yarışları enişli-yoxuşlu dağ yolları, kəskin dönüşlər olan ərazilərdə təşkil edilir.

 

BMX velosipedi

Velosiped idmanının BMX növündə yarışlar torpaq yolda keçirilir. Start 1,5 metrdən 8 metrədək hündürlükdə olan yamacdan verilir, bir qayda olaraq dörd düz və üç əyri hissədən ibarət yolda müxtəlif maneələr yerləşdirilir: “stol”, ikiqat tramplin, üçqat tramplin, “pilləkən”, dalğalar və s. Yürüşdə eyni vaxtda səkkiz idmançı iştirak edir.