Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbi

Ölkəmizdə  velosiped idmanının inkişafı ilə bir çox klub və idman məktəbləri məşğuldur. Bu idman məktəblərinin məqsədi velosiped idmanına maraq göstərən yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsi və onların peşəkar idmançı kimi hazırlanmasını təşkil etməkdir.

Respublika Olimpiya  Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbi Azərbaycanda velosiped idmanının inkişaf etdirilməsinə öz töhfələrini vermiş məktəblərdən sayılır. Məktəb 1984-cü ildə yaradılıb və Respublika Velotrekinin bazasında fəaliyyət göstərir. Burada velosiped idmanı ilə məşğul olan yeniyetmə və gənclər məşqləri həm açıq səma altındakı velotrek meydançasında, həm də ölkə daxilində şosse yürüşlərində keçirirlər. Məktəb 6 inventar, soyunub-geyinmə və 2 inzibatı otaqdan ibarətdir.

Məktəbin rəhbərliyi

Məktəbin direktoru Faiq Qurbanov 2014–2017-ci illərdə Azərbaycan Velosiped İdmanı Federasiyasının PR meneceri vəzifəsində çalışıb.

 Məktəbin yetirmələrinin idman uğurları

Məktəbin yetirmələrinin uğurlarından söz açarkən ilk növbədə Oleq Nojinin 1997-ci ildə gənclərin İtaliyada keçirilmiş Avropa birinciliyində sprintdə qazandığı gümüş və vaxt üzrə fərdi yürüşdə əldə etdiyi bürünc medalı qeyd etmək lazımdır. Elə həmin il məktəbin təmsilçiləri Türkiyədə yeniyetmələr arasında keçirilmiş beynəlxalq yürüşdə 3-cü yeri tutmuşlar. Bundan əlavə, 2001-ci ildə dünya çempionatında Oleq Nojin trekdə 1 kilometrlik yarışda 7-ci, İqor Demyaşkin isə trekdə xal üzrə qrup yürüşündə 9-cu, şossedə qrup yürüşündə 20-ci yeri tutmuşdur.

Məktəbin digər yetirməsi Elnarə Musayeva 2007-ci ildə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilmiş dünya çempionatında "B" qrupunda  trekdə vaxt üzrə fərdi yürüşdə 5-ci, şossedə 86-km-lik yürüşdə 24-cü olmuşdur.

Məktəb rəhbərliyi 14 yaşdan etibarən oğlan və qızları velosiped idmanı ilə məşğul olmaq üçün velosiped idman məktəbinə dəvət edir.

 

Ünvan: Bakı şəhəri, 20 Yanvar dairəsi, Moskva prospekti, 3007-ci məhəllə

Respublika Olimpiya  Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbi 

Telefon: (+99412) 4047855

Məktəb direktoru: Faiq Qurbanov