Ruandada dünya çempionatı və UCI-nın Konqresi keçirilib

Ruandada dünya çempionatı və UCI-nın Konqresi keçirilib

Ruandanın paytaxtı Kiqali şəhərində şose velosipedi üzrə növbəti dünya çempionatı və Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) sayca 194-cü Konqresi keçirilib.

Qurumun hazırkı prezidenti David Lappartient səs çoxluğu ilə yenidən 4 il müddətinə planetin ali velosiped qurumunun rəhbəri seçilib.

Dünya çempionatında Azərbaycanı Tural İsrafilov və Artyom Proskuryakov təmsil ediblər. Gənc oğlanlar arasında Artyom 22,6 km məsafəyə fərdi ötüşmədə 32 dəqiqə, 47 saniyə göstərici ilə 85 iştirakçı arasında 41-ci nəticə göstərib.

Onun çıxışı zamanı Beynəlxalq Velosipedçilər İttifaqının yarışı canlı yayımlayan rəsmi “Youtube” kanalının şərhçiləri idmançımız haqqında kifayət qədər yüksək fikirlər söyləyiblər. Artyomun ötən il də DÇ-də yarışdığını deyən şərhçilər, onun ölkəmiz üçün yüksək perspektiv vəd etdiyini, istifadə etdiyi “Pardus” tipli fərdi ötüşmə velosipedinin olduqca müasir və aerodinamik olduğunu, sürmə texnikasını nəzərə almaqla, top-komandaların maraq dairəsinə düşmə ehtimalının yüksək olduğunu deyiblər.

Qeyd edək ki, Artyom Proskuryakov çıxışını başa vurduqdan sonra ən yaxşı vaxt göstəricisinə malik idmançı kimi 20 dəqiqəyə yaxın müddət ərzində yarışın lideri üçün nəzərdə tutulan fəxri kürsüdə əyləşib.

U23 yaş kateqoriyasında isə Tural İsrafilov 31,2 km məsafəni 50 dəqiqə, 4 saniyəyə başa vurmaqla 49-cu olub. İdmançılarımızın iştirak edəcəyi növbəti yarış 1-5 oktyabr tarixlərində Fransada təşkil olunacaq Avropa çempionatıdır.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2025