Azərbaycan Velosiped İdmanı Federasiyası ilk dəfə 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilsə də, geniş praktiki fəaliyyətə 2012-ci ildən başlayıb. Federasiyanın əsas məqsədi ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi, velosipedçilərimizin Olimpiadalara, eləcə də digər mötəbər beynəlxalq yarışlara hazırlaşmasının və uğurlu nəticələr əldə etmələrinin təmin olunmasına çalışmaqdır.
İnsanlar, xüsusilə də uşaqlar və gənclər arasında velosiped idman növünün daha geniş yayılması, onların sağlam ruhda tərbiyə olunması Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyətinin prioritet istiqamətlərindəndir.
Azərbaycanda Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqviminə salınmış ilk beynəlxalq velosiped yarışı 2012-ci ilin may ayında xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş 23 yaşadək gənclər arasında keçirilmiş veloturdur. 1 il sonra isə dünya velosiped yarışları təqvimində öz layiqli yerini tutmuş Azərbaycan Turu (“Tour d’Azerbaidjan”) çoxgünlük velosiped yarışının keçirilməsinə başlanılıb.
2013-cü ildə 2.2 kateqoriyası almış və dünya velosiped aləmində böyük rəğbətlə qarşılanmış bu yarışa növbəti ildə 2.1 kateqoriyası verilib və artıq bu yarışlarda dünyanın bütün qitələrini təmsil edən kontinental komandalarla yanaşı peşəkar, yəni pro-kontinental komandalar da iştirak etməyə başlayıblar.
5 mərhələdən ibarət, 900 km-ə yaxın məsafəni əhatə edən “Tour d’Azerbaidjan” velosiped yarışı hər il müxtəlif şəhər və rayonlarımızı əhatə edən marşrutlar üzrə təşkil edilib. Yarış Azərbaycanda velosiped idmanının inkişafını şərtləndirən əsas amillərdən biri olmaqla yanaşı, günü-gündən gözəlləşən ölkəmizin bütün dünyada tanıtdırılması, onun turizm potensialını nümayiş etdirmək baxımından da çox səmərəli bir vasitəyə çevrilib.
Yarışın ildən-ilə artan nüfuzunun göstəricisi idi ki, dünya mediası da “Tour d’Azerbaidjan”la bağlı məlumatlara geniş yer ayırılıb. Planetin ən nüfuzlu idman kanalı olan “Eurosport” yarışın bütün mərhələləri barədə dünya idman ictimaiyyətinə geniş reportajlar təqdim edib. 2014-cü ildən isə yarış canlı olaraq bütün dünyaya yayınlanıb.
“Eurosport” kanalının 2014-cü il üzrə rəsmi hesabatına əsasən, bir mərhələsi canlı yayımlanan, qalan günlər isə icmal şəklində tamaşaçılara təqdim olunan “Tour d’Azerbaidjan” veloyarışını təkcə bu kanal vasitəsilə dünyanın bütün qitələrində 28.8 milyondan çox tamaşaçı seyd edib, planetin 50-dən artıq ölkəsində 72 telekanalın efirində turla bağlı məlumatlar və süjetlər verilib. Bundan əlavə, “Eurosport” telekanalının rəsmi saytına “Tour d’Azerbaidjan”la bağlı 15 milyondan çox daxilolma qeydə alınıb.
Bu həmin yarışın ölkəmizin tanıtdırılmasında, onun gözəlliklərinin və turizm imkanlarının bütün dünyaya çatdırılmasında hansı əhəmiyyətə malik olduğunun parlaq göstəricisidir.
Azərbaycanın ilk kontinental velosiped komandası olan “Synergy Baku Cycling Project”in üzvləri kollektivin beynəlxalq arenada çıxış etməyə başladığı 2013-cü ildən etibarən dəfələrlə nüfuzlu yarışlarda uğurlu nəticələr qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
2015-ci ildə komanda hesabında “Tour d’Azerbaidjan” velosiped yarışının qalibi olan “Synergy Baku Cycling Project”in üzvlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ailəsi ilə birlikdə Veloparkın açılışı zamanı təbrik edərək, onların uğurlarını yüksək qiymətləndirib.
2016-cı ildə “Synergy Baku Cycling Project” iştirak etdiyi 4 qitə yarışında – “Tour of Croatia”, “Tour d’Azerbaidjan”, “Tour of Serbia” və “Tour of Szeklerland” (Rumıniya) yarışlarında komanda hesabında çempion adını qazanıb. Komandamızın təmsilçiləri il ərzində mübarizə apardıqları yarışlarda 34 dəfə fəxri kürsüyə qalxıb, 9 dəfə mərhələ qalibi olub, 5 dəfə isə bu idman növündə ən yüksək nəticə hesab olunan lider köynəyini əldə ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) dünyanın velosiped komandalarının 2016-cı il üçün açıqladığı yekun reytinq siyahısında kollektivimiz planetin bütün qitələrini təmsil edən 54 ölkənin 176 kontinental klubu arasında 4-cü yerdə qərarlaşıb. Bu siyahıda Belçikanın 3 klubu “Synergy Baku”nu qabaqlayıb ki, bu da ölkələr üzrə götürdükdə cəmi bir komandası olan Azərbaycanın yalnız Belçikadan geri qalmaqla dünyada 2-ci yerə çıxması deməkdir.
Bu uğurlar nəzərə alınmaqla, “Synergy Baku Cycling Project” 2016-cı ildə Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycanda “İlin ən yaxşı klub komandası” nominasiyasının qalibi kimi xüsusi mükafata layiq görülüb.
2018-ci ilin iyun ayında Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı təşkil olunub. Planetin 100-dən çox ölkəsindən gəlmiş 1500-dən artıq idmançı BMX Veloparkında dünya çempionatının medalları uğrunda mübarizə aparıblar.
Federasiyanın fəaliyyəti ilə bağlı materiallarla azvif.az saytının digər bölmələrində tanış olmaq olar.