Velosiped – (fransızca vélocipède “tez ayaq” deməkdir) əksər hallarda iki təkərə malik, əzələ qüvvəsi ilə pedalla hərəkətə gətirilən nəqliyyat vasitəsidir. Yüksək sürət, sükanın idarəsi, ağırlıq mərkəzinin tənzimlənməsi ilə müşayiət olunan stabilləşdirici təkan nəticəsində velosipeddə hərəkət etmək mümkündür. Velosiped tikiş maşınından sonra dünyada kütləvi şəkildə istehsal edilib yayılan ikinci texniki məhsul hesab olunur. Kiçik ölçüsü, münasib qiyməti və yanacağa ehtiyacının olmaması onun dünyada geniş yayılmasının əsas səbəblərindəndir.
Dünyada velosipedin tarixi 500 il bundan əvvəl Leonardo da Vinçinin velosiped şəklini təsvir etməsi ilə başlayır.
Mülahizələrə görə, velosipedin ixtirası 1816-cı ildə vulkan püskürməsi nəticəsində atların tələf olması və bununla da başqa nəqliyyat vasitələrinin inkişafına ehiyac yaranması ilə stimullaşdırılmışdır. İlk velosipedin görünüşü müasir velosipedlərdən tamamilə fərqlənirdi. Almaniyanın Mahhaym şəhərində yaşayan Baron fon Drays tərəfindən ilk velosiped 1817-ci ildə ixtira edilmişdir. Bu, idarə olunan velosiped olub, demək olar ki tamamilə taxtadan düzəldilmiş, lakin pedallara malik olmayan bir velosiped olmuşdur. Velosipedin ilk modeli yoxuşlu küçələrdən aşağı düşmək üçün ayaqları yerə dirəyib təkan verərək hərəkətə gətirilirdi. Bu tip velospiedlərin rekord sürəti saatda 15 km-dən çox olmurdu. Lakin bütün bunlara baxmayaraq, ilk velosipedlərin populyarlıq qazanmasına hələ çox qalırdı. Çünki, velosipedin ilk ixtirasında iki əhəmiyyətli element nəzərə alınmamışdı. Bunlardan biri – velosipedin pedalları 1861-ci ildə öncə qabaq təkərlərə taxılmış, 1888-ci ildə isə pedallar arxa təkəri hərəkətə gətirən zəncir ilə birlikdə bərkidilmişdir. 1842-ci ildə velosipedlərin təkərlərinə rezin şinlər taxmaq ideyası ortaya çıxanda artıq velospedlərin görünüşü müasir formaya düşmüşdür.
1819-cu ildə İsveçdə ilk velosiped yarışı keçirilib. Almaniyada belə yarış 1829-cu ildə təşkil olunub. Daha sonra Avropa ölkələrinin əksəriyyətində velosiped yarışları keçirilməyə başlayır. 1893-cü ildən velosiped idmanı üzrə dünya, Avropa və digər yarışları keçirilir. Velosiped yarışları ilk Olimpiya Oyunlarının proqramına da daxil olub. Velosiped idmanında şose, trek, dağ velosiped idmanı və BMX (velosiped motokrosu) kimi növlər var. 1900-cü ildə Parisdə Belçika, ABŞ, Fransa, İtaliya və İsveçrənin velosiped idmanı təşkilatları tərəfindən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) əsası qoyulmuşdur. UCI beynəlxalq səviyyədə keçirilən velosiped yarışlarını təşkil edir. Təşkilatın baş ofisi Cenevrədə yerləşir. İşçi dili fransız dilidir. Beynəlxalq Velosipedçilər İttifaqı Həvəskar Velosiped İdmanı və Peşəkar Velosiped İdmanı üzrə iki beynəlxalq federasiyadan ibarətdir. İttifaqın üstün orqanı olan konqres ildə 3 dəfə toplaşaraq cari məsələləri, ittifaqa üzvlüyü, yarışların təqvimini və s. müzakirə edir. Hazırda şose velosipedi üzrə dünyada ən nüfuzlu yarışlar Fransada keçirilən “Tur de Frans”, İspaniyada təşkil olunan “Vuelta” və İtaliyada keçirilən “Giro de İtalio” turniri hesab olunur.
Azərbaycanda velosipeddən istifadənin tarixi 1920-ci illərdən başlayır. Həmin dövrdə Azərbaycanda velosipeddən nəqliyyat vasitəsi kimi istifadə olunmağa başlanılıb. Bu velosipedlər Azərbaycana Rusiyadan gətirilirdi. İlk vaxtlar velosiped məktəbli və tələbələr arasında daha populyar idi. Bu səbəbdən də velosipeddən məktəblərarası və universitet daxilində yarışlarda da istifadə olunurdu. Azərbaycanda daha iri miqyaslı velosiped yarışlarının keçirilməsi ötən əsrin 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövrlərdə artıq respublika daxilində velosipedçilər arasında Spartakiadalar keçirilməyə başlanılıb. Spartakiadalar Avropada olduğu kimi 4 ildən bir keçirilirdi. Azərbaycanlı velosipedçilər turnirlərdə Ukraynanın Xarkov zavodunun istehsalı olan velosipedlərdən istifadə edirdilər.
Səbzəli Hüseynov və Hüseyn Zərgərli Azərbaycanda velosiped idmanının ilk nümayəndələrindəndir. Onlar daha sonralar məşqçi kimi fəaliyyətlərini davam etdiriblər. Yarışda iştirak edən velosipedlərin sürəti saatda 30-35 km idi. Azərbaycanda peşəkar velosipedçilərin yetişdirilməsi üçün yerli, eləcə də müxtəlif ölkələrdən məşqçilər cəlb olunmuşdu. Bunlardan Hüseyn Zərgərli, Səbzəli Müseyibov, Sergey Romanov və başqalarının adını çəkə bilərik. Dünya yarışlarında iştirak etmiş Hüseyn Zərgərli həm də ümumittifaq dərəcəli hakim idi.
Ötən əsrin 40-cı illərinin sonlarından başlayaraq velosiped yarışlarında təkcə kişilər deyil, qadınlar da təmsil olunmağa başlayıb. Əvvəlcə yerli Spartakiadalarda qüvvəsini sınayan Azərbaycan velosipedçiləri qalib gəldikdən sonra respublika Spartakiadasına vəsiqə qazanırdılar. Bakının qadınlardan və kişilərdən ibarət yığma komandası yerli spartakiadalarda qalib gələrək, Ümumittifaq və Zaqafqaziya Spartakiadasında iştirak edirdilər.
1950-ci illərdən başlayaraq Azərbaycanın velosiped idmanında əsaslı irəliləyişlər əldə olunmağa başlanılıb. Artıq Azərbaycan idmançıları SSRİ çempionatında və dünya birinciliyində qüvvələrini sınayırdılar. Həmin illərdə Alxas Talıbov, Ələddin Şabanov, Vladimir Davidov, Ramiz Rəhimov, Viktor Semergey, Aleksandr Averin və başqaları çempionatlarda uğurla iştirak edirdilər. Alxas Talıbov və Ələddin Şabanov Avropada keçirilən turnirlərdə göstərdikləri uğurlara görə medal, diplom və təşəkkürnamələrlə təltif olunublar. Ələddin Şabanov 50-dən artıq ölkədə keçirilən velosiped yarışlarında, dünya və Avropa çempionatlarında, super velomarafonlarda Azərbaycanı yüksək səviyyədə təmsil edib.
1980-ci ildə Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakıda dünya standartlarına uyğun Respublika Velotreki tikilib istifadəyə verilib. Uzunluğu 333 metr olan bu velotrekdə bir sıra ümumittifaq yarışları keçirilib. Azərbaycan velosipedçilərindən ibarət nümayəndə heyəti 1985-ci ildə Moskvada keçirilmiş konfransa qatılıb. Ölkə velosipedçiləri təmsil olunduqları konfransda müxtəlif diplomlarla təltif olunublar. 90-cı illərdən başlayaraq, Azərbaycanda velosiped idman növü üzrə sistemli turnirlər keçirilməyə başlanılıb. Ölkə velosipedçiləri ardıcıl olaraq Bakı və Azərbaycan çempionatında iştirak ediblər. Bu dövrlərdə keçirilən yarışlarda velosipedin sürəti artaraq saatda 40 kilometrə çatıb.
1991-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 850 illiynə həsr olunmuş təntənəli tədbirlər çərçivəsində Sankt-Peterburq – Gəncə marşrutu üzrə 4 min km məsafədə velosiped yürüşü təşkil olunub. 26 şəhərin təmsil olunduğu bu yürüşdə ölkə velosipedçiləri uğurla iştirak ediblər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin bütün sahələrində olduğu kimi, idman siyasətində də böyük canlanma başladı. 1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı, 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Yay Olimpiya Oyunlarına qatıldı.
1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra ölkəmizdə Olimpiya Hərəkatı sürətlə inkişaf etməyə başladı. Məhz İlham Əliyevin səyi və təşəbbüsü sayəsində qısa müddətdə Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri uğurla inkişaf edib, ölkədə müasir idman komplekslərinin tikintisi həyata keçirilərək idmançıların istifadəsinə verilib, müstəqil idman federasiyaları, o cümlədən Azərbaycan Velosiped İdmanı Federasiyası yaradılıb.