Fransanın Avinyon şəhərində Avropa Velosipedçilər Birliyinin (UEC) sayca 38-ci illik Konqresi keçirilib. Konqresdə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 1-ci vitse-prezidenti Sahib Ələkbərov da iştirak edib.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartienin də qatıldığı tədbirdə Avropa Velosipedçilər Birliyinə daxil olan 51 milli federasiyanın 46-nın nümayəndələri iştirak edib. Konqres Avropa tarixinin simvolik məkanlarından biri hesab olunan məşhur Papa Sarayında keçirilib.
Avropa Velosipedçilər Birliyinin prezidenti Enriko Della Kasa çıxışı zamanı qurumun fəaliyyətinin əsas istiqamətlərini barədə məlumat verib. Onun sözlərinə görə, bu istiqamətlərə qadın velosipedinin inkişafı, gənclərin inkişafına yönəlmiş proqramların gücləndirilməsi, qlobal velosiped hərəkatında Avropanın aparıcı rolu, ekoloji davamlılıq və milli federasiyaların balanslı inkişafı daxildir.
Hesabatda həmçinin Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən dəstəklənən Həmrəylik Proqramı, Portuqaliyanin Anadiya şəhərində yerləşən UCI filialının fəaliyyətinin möhkəmləndirilməsi və şəffaf maliyyə idarəçiliyinin davam etdirilməsi xüsusi qeyd olunub.
Konqres zamanı milli federasiyaların nümayəndələri UEC prezidenti Enriko Della Kasa, baş katib Alasdair MakLennan və xəzinədar Bernd Dankovskinin təqdim etdikləri hesabatları yekdilliklə təsdiqləyiblər. Bu qərar Konfederasiyanın strateji istiqamətinə və idarəetməsinə olan yüksək etimadı bir daha nümayiş etdirib.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartient Konqresdə çıxışı zamanı velosiped idmanının inkişaf perspektivlərinə toxunub. O, qeyd etdi ki, son illərdə velosiped idmanı qlobal səviyyədə daha geniş yayılaraq həm peşəkar idman, həm də gündəlik həyatın bir hissəsi kimi sürətlə inkişaf edir.
Lappartient vurğulayıb ki, UCI-nin əsas məqsədlərindən biri velosiped idmanını daha əlçatan etmək, bu idman növünün inkişafını dəstəkləmək və gənc idmançıların yetişdirilməsi üçün müxtəlif proqramlar həyata keçirməkdir. Onun sözlərinə görə, velosiped idmanının gələcəyi gənclərin bu sahəyə cəlb olunmasından və milli federasiyaların davamlı inkişafından asılıdır.
UCI prezidenti beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edərək bildirib ki, velosiped idmanının dünyada daha da inkişaf etməsi üçün milli federasiyalar, qitə konfederasiyaları və UCI birlikdə çalışmağa davam etməlidirlər.
Konqresdə həmçinin 2026-cı ilin sentyabr və oktyabr aylarında Kanadada və Sloveniyada keçiriləcək şose velosipedi üzrə dünya və Avropa çempionatlarına hazırlıq məsələləri də müzakirə olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.