Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirilib

Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirilib

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə yeni istifadəyə verilmiş Gəncə Stadionunda III MDB Oyunlarının rəsmi açılış mərasimi baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb. Ardından III MDB Oyunlarının iştirakçı ölkələrinin paradı baş tutub.

Təntənəli tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış edərək, qonaqlar, atletlər, məşqçilər və idmansevərləri salamlayıb. Daha sonra MDB Baş katibinin müavini Nurlan Seytimov çıxış edib və MDB Baş katibi Sergey Lebedevin təşkilatçılara, iştirakçılara və qonaqlara müraciətini səsləndirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev III MDB Oyunlarını rəsmi olaraq açıq elan edib. III MDB Oyunları üçün hazırlanan rəsmi mahnı sədaları altında MDB bayrağı qaldırılıb.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Açılış mərasimində Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov və icraçı vitse-prezident Fikrət Hüseynov da iştirak ediblər.

III MDB Oyunları Gəncə şəhərində, həmçinin ölkənin daha 6 şəhərində keçiriləcək və 23 idman növünü əhatə edəcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2025