Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 yığma komandası Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 1.2 kateqoriyalı “Grand Prix Antalya” yarışında iştirak edib.
Yarışda milli komandamızın tərkibində Musa Mikayılzadə, Nofəl Nuriyev, Əli Qurbanov, Şahin Eyvazov, Maksim Trendelyov, Tural İsrafilov və Süleyman Ələkbərov mübarizə aparıblar.
İştirakçılar 130.4 km məsafə qət ediblər. Komandamızın heyətində ən yaxşı göstəriciyə Musa Mikayılzadə imza atıb. O, finiş xəttini lider qrupda keçərək fotofinişə əsasən 11-ci olub.
Digər idmançılarımızdan Əli Qurbanov 70 iştirakçı arasında 25-ci, Tural İsrafilov 33-cü, Nofəl Nuriyev 34-cü, Süleyman Ələkbərov 39-cu, Şahin Eyvazov 41-ci, Maksim Trendelyov 42-ci nəticə göstərib.